Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir S.Əliyev/
İqtisadi islahatların davam etməsi və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT - ECO) üzv ölkələrin göstərdiyi qarşılıqlı yardım şübhəsiz ki, gələcək inkişafın və növbəti mərhələyə keçidin sürətlənməsi üçün daha yaxşı şərait yaradacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev ECO sammitində yekun nitqində bildirib.
Prezidentin fikrincə, bugünkü diskussiyalar ümumi məqsədlərin həyata keçirilməsinə yardım edəcək. "ECO-nun iştirakçı ölkələri bir daha həmrəyliklərini nümayiş etdirdilər, dövlət və hökumət başçıları təşkilatın gələcəyi barədə fikirlərini bildirdilər, həmçinin qarşılıqlı maraq doğuran digər xarakterli məsələlərlə bağlı qeydlər əhəmiyyətli idi", - dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə qeyd olunan mühüm və dəyərli ideyalara, ölkələrdə, regionda və ümumilikdə dünyada baş verənlərlə bağlı fikirlərinə görə nümayəndə heyətlərinin rəhbərlərinə minnətdarlığını bildirib.
İlham Əliyev qeyd edib ki, Azərbaycan, öz növbəsində, institusional başlanğıcların inkişafı üçün bütün səyləri davam etdirəcək, ölkələr qarşılıqlı etimad və yardıma əmin ola bilərlər. Azərbaycan Prezidentinin sözlərinə görə, bu gün ECO bir-birini dəstəkləyən və maraqlarını qorumağı bacaran iştirakçı ölkələrin təşkilatı kimi dünyaya təqdim edilib və birgə səylər şübhəsiz ki, dövlətləri daha güclü edəcək. İlham Əliyev vurğulayıb ki, təşkilat artıq kifayət qədər uzun bir tarixə malikdir və dünyada müəyyən rol oynayır.
Dövlət başçısı bildirib ki, Azərbaycan ECO-ya sədrlik edən dövlət kimi qarşıdakı iki ildə təşkilatın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcək.
Bu gün Bakıda keçirilən ECO sammiti təşkilatın həyatında vacib hadisədir. 20 il ərzində 7 iştirakçı ölkə keçid dövrünü arxada qoyaraq ECO-nun inkişafına mühüm töhfə verib.
İlham Əliyev qeyd edib ki, ECO təsisçilərinə layiq olduqları yüksək qiymət verilməlidir: bu təşkilatın yaradılması zamanı onların nümayiş etdirdikləri müdriklik və uzaqgörənlik bugünkü vəziyyətin əsas şərti olub ki, "biz siyasi dialoq, qarşılıqlı yardım və qarşılıqlı etibarın kifayət qədər yüksək səviyyəsini görürük".
Hərçənd təşkilat, əsasən, iqtisadi məsələlərlə məşğul olur, lakin bugünkü dünyada iqtisadi siyasəti geosiyasi vəziyyətdən ayırmaq mümkün deyil. Azərbaycan Prezidentinin sözlərinə görə, bu gün ECO iştirakçısı olan bütün ölkələr öz regionlarında mühüm rol oynayırlar və ümumi səylər təşkilat qarşısında duran hədəflərdə və məsələlərdə nailiyyət qazanmağa yönəldiləcək ki, bunlar da yeni inkişafa və millətlərimizin inkişafına gətirib çıxaracaq.
İlham Əliyev bildirib ki, müvafiq iqtisadi təməl olmadan hədəflərə və vəzifələrə nail olmaq, xalqların yaşayışı üçün ən yaxşı şəraiti təmin etmək mümkün deyil. Təşkilatın hədəflərindən biri ECO ölkələrinin iqtisadi inkişafının stimullaşdırılmasıdır. Dövlət başçısı Azərbaycanın ECO bankının tamhüquqlu üzvü olduğunu və ölkənin iqtisadi inkişafı naminə bu əhəmiyyətli maliyyə alətindən istifadə etdiyini qürurla ifadə edib. İqtisadi transformasiya artıq Azərbaycan üçün reallığa çevrilib. İlham Əliyev əlavə edib ki, bu gün ölkə inkişaf edir və ÜDM-də özəl sektorun payı artıq 80 faizi ötür.
Bundan başqa, sammitdə müxtəlif sahələrdə - iqtisadiyyat, tarix, ədəbiyyat, elm, texnologiya, kənd təsərrüfatı və ekologiya sahəsində nailiyyətlərə görə mükafatların verilməsi mərasimi keçirilib.
Bu il 24 nominantdan 8 namizəd laureat olub. İlham Əliyev Əfqanıstan, İran və Qırğızıstandan ECO nümayəndələrinə mədəniyyət, tarix, ədəbiyyat və incəsənət, Azərbaycana iqtisadiyyat, Qazaxıstana təhsil sahəsindəki nailiyyətlərə görə mükafatlar təqdim edib. Tacikistan və Pakistan nümayəndələri elm və texnologiya, Türkiyə isə mədəniyyət, tarix və ədəbiyyat sahəsində nailiyyətlərə görə mükafata layiq görülüblər.
Foto: AzərTAc