Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Azərbaycanın Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Londonda yaşayan gənc Azərbaycan pianoçusu, London Kral Musiqi Akademiyasının magistrantı Ayyan Salahova mərasim iştirakçıları qarşısında Qara Qarayevin və İohann Baxın əsərlərindən ibarət "Heydər Əliyevin xatirəsinə" adlı konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ümummilli lider Heydər Əliyevin həyatı, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri, Azərbaycan mədəniyyətinə və musiqisinə böyük qayğısı haqqında danışıb.
Konsertdə Budapeştdə akkreditə olunan səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, Macarıstanda yaşayan Azərbaycan diasporunun təmsilçiləri, macar musiqi xadimləri iştirak ediblər.
Konsertdən sonra iştirakçılar üçün qəbul düzəldilib.