...

ADP sədri Sərdar Cəlaloğlu Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı etirafının səbəblərini açıqladı

Siyasət Materials 30 Aprel 2013 12:21 (UTC +04:00)
Milli Şura İctimai Palatanın bir qədər genişləndirilmiş forması kimi təsəvvürə gətirildi və ona görə də iflasa uğradı. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
ADP sədri Sərdar Cəlaloğlu Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı etirafının səbəblərini açıqladı

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Şura İctimai Palatanın bir qədər genişləndirilmiş forması kimi təsəvvürə gətirildi və ona görə də iflasa uğradı. Bu barədə Trend-ə müxalif Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Rüstəm İbrahimbəyovun Milli Şuranın yaradılması ilə bağlı apardığı danışıqların nəticə verməməsi ilə bağlı fikrinə münasibət bildirən Cəlaloğlunun fikrincə, bu onu göstərir ki, bəzi siyasi qruplar, bəzi şəxslər Milli Şura ideyasını öz inhisarlarına almağa cəhd etdilər.

"Digər tərəfdən də İsa Qəmbərin verdiyi bəyanatlar, xüsusən onun qırmızı cizgilərlə bağlı dediyi fikirlər Milli Şura ilə bağlı cəmiyyətdə kifayət qədər suallar doğurdu. Bu, Milli Şuranın fəaliyyətində Azərbaycanın dövlətçiliyinə ziyanlı istiqamətdə müəyyən tendensiyaların ola biləcəyinə cəmiyyətə açıq-aydın işarə idi. Bu da prosesin ləngiməsinə səbəb oldu", - partiya sədri deyib.

Onun sözlərinə görə, artıq əksər qüvvələr Milli Şura ilə bağlı ehtiyatlı mövqeyə keçiblər.

"Bilirsiniz ki, o gizli danışıqlar üç nəfər - Eldar Namazov, İsa Qəmbər və Əli Kərimli arasında aparılıb. Üç nəfərdən biri bəyanat verib ki, biz danışıqlarda müəyyən çizgilər cızmışıq və birmənalı şəkildə bildirmişik ki, biz bu məsələlərdə fəaliyyətdə yoxuq və Milli Şuranın tərkibindən çıxacağıq", - Cəlaloğlu deyib.

Onun fikrincə, digər tərəfdən Milli Şuranın sözçüsü funksiyasını öz üzərinə götürən adamlar var. "Misal üçün, Eldəniz Quliyev. Sanki Milli Şura bunun rəhbərliyi altında yaranan bir qurumdur. O, kimlərisə ora daxil edir, kimlərisə çıxarır, kimlərisə Milli Şuranın adından ittiham edir, kimlərisə tərifləyir", - Cəlaloğlu deyib.

Onun sözlərinə görə, beləliklə, praktiki olaraq Milli Şura ideyasını həddən artıq çılızlaşdırıb ayrı-ayrı qurupların, ayrı-ayrı qaranlıq güclərin bir alətinə çevirdilər.

Cəlaloğlu deyib ki, görünür Rüstəm İbrahimbəyov bunu başa düşür.

O, Rüstəm İbrahimbəyovun Milli Şuranın yaradılması üçün Təşkilat Komitəsi yaratmaq təklifinə də münasibət bildirib.

"Amma mən inanmıram ki, bu ideya bu qədər utilizasiya olunduqdan sonra, Rüstəm İbrahimbəyovun dediyi kimi Təşkilat Komitəsi yaradılsa belə, Milli Şuranı təşkil etmək mümkün olsun. Çünki kifayət qədər yalnışlıqlara yol verildi, Milli Şura ətrafında kifayət qədər qeyri-sağlam imic yarandı. Bunun da günahgarı Milli Şuranı öz qrup maraqlarına tabe etdirmək istəyən, Milli Şuradan xalqın maraqlarına zidd fəaliyyət məqsədi ilə istifadə edən qruplardır", - Cəlaloğlu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti