Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/
TÜRKPA Baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti mayın 13-15-də Ankara şəhərinə səfər edəcək.
TÜRKPA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 13-də Baş katibin TÜRKPA-nın dördüncü plenar sessiyasına hazırlıq məsələlərini müzakirə etmək məqsədi ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cemil Çiçeklə görüşü planlaşdırılır.
Səfər çərçivəsində Baş katibin TBMM millət vəkili, TÜRKPA-nın Hüquq məsələləri Daimi Komissiyasının sədri Haluk İpek və TBMM-nin Aparat rəhbəri İrfan Neziroğlu ilə görüşləri də nəzərdə tutulub.
Eyni zamanda, səfər çərçivəsində 14 may tarixində Baş katib Türk Konseyinin ev sahibliyində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh nazirləri və təşkilat rəhbərlərinin ikinci toplantısında iştirak edəcək.
Toplantıda 21 iyun 2013-cü il tarixində Bakıda təşkil olunacaq Birinci Türk Keneşi Diaspora Forumuna təqdim olunması məqsədi ilə "Türk Keneşi Türkdilli Diasporanın Ortaq Fəaliyyət Strategiyası"nın təsdiq olunması nəzərdə tutulur.
Toplantıda Türkiyə Respublikası Baş nazirinin müavini Bekir Bozdağ, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi, səfir Halil Akıncı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkiyədə akkreditə olunmuş türkdilli dövlətlərin diplomatik missiyalarının nümayəndələri, həmçinin Azərbaycan, Qazaxıstan və Qırğızıstanın diaspor fəaliyyətini koordinasiya edən qurumlarının nümayəndə heyətləri iştirak edəcəklər.
Səfərdə TÜRKPA Baş katibini Təşkilati və administrativ işlər departamentinin müdiri Ələsgər Ağayev müşayiət edəcək.