...

Prezident İlham Əliyev: Azərbaycan neftin qiymətinin təsirindən getdikcə daha az asılı olur (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 22 Yanvar 2015 17:23 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.
Prezident İlham Əliyev: Azərbaycan neftin qiymətinin təsirindən getdikcə daha az asılı olur (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:16-da yayılıb)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev Forumun "Transformasiya prosesində regionlar: Avrasiya" sessiyasında iştirak edib.

Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqil olub: "Bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik".

İlham Əliyev Azərbaycanda baş verən transformasiyalar barədə də danışıb: "Bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi".

Prezident bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır və iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir: "Biz neftin qiymətinin təsirindən getdikcə daha az asılı oluruq. Eyni zamanda, beynəlxalq maliyyə institutları, o cümlədən AYİB və digərlərinin yardımı ilə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülüb".

Dövlət başçısının sözlərinə əsasən, neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı qarşısında yeni vəzifələr qoyur: "Burada müsbət məqamlar da var. Bu bizi daha səmərəli olmağa, daha az xərcləməyə səfərbər edəcək və aşağı neft qiymətləri ilə yaşamağa öyrədəcək ki, bu da bizim üçün çox faydalıdır".

İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirir.

Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycanın enerji resursları regionda vacib rol oynayır: "Avropa İttifaqının ən iri infrastruktur layihələrindən biri olacaq Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan iri "Cənub Qaz Dəhlizi" layihəsi bu yaxınlarda işə salınıb".

Azərbaycan Prezidentinin sözlərinə əsasən, iqtisadiyyatın şaxələndirilməsi hər bir ölkə, xüsusilə də neft-qazla zəngin olan ölkələr üçün vacib elementlərdən biridir.

İlham Əliyev əlavə edib ki, regionda terror hücumları ilə bağlı hədələr daxil olmaqla münaqişələr və təhdidlər mövcuddur: "Ölkə hüdudlarından kənarda əvvəlcədən proqnozlaşdırılan vəziyyətə malik olduğunuz zaman ölkədə sabitlik tam şəkildə bərpa edilə bilər. Buna görə də enerji və nəqliyyat layihələrimiz hər bir ölkənin ondan mənfəət əldə edə bilməsi üçün geniş milli və regional əməkdaşlığa yönəlib".

Prezident bildirib ki, Azərbaycan hökumətinin siyasəti bütün tərəflərin - istehsalçılar, tranzit ölkələr, istehlakçılar - imkanlardan mənfəətlə istifadə etməsinə yönəlib: "Bununla da bu, bir növ Azərbaycanın yarada bildiyi kollektiv işdir".

Beynəlxalq çağırışlar və müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolundan danışan Prezident İlham Əliyev deyib: "Mən də cənab Barrozunun dedikləri ilə tam razıyam. Onun şərhləri geniş biliklərindən və zəngin təcrübəsindən qaynaqlanır. O, həmçinin regionu çox yaxşı tanıyır və regionun üzləşdiyi çağırışları anlayır. Hamımız ölkələrimizdə sabit, dinc inkişafı görmək istəyirik. İstəyirik ki, insanlar daha yaxşı yaşasınlar, onların lazımi xidmətlərə yaxşı çıxışı olsun, daha çox müdafiə edilsinlər və təhlükəsiz şəraitdə yaşasınlar".

Dövlət başçısı əlavə edib ki, bu gün görünən bütün təhdidlərə gəldikdə, həmin potensial təhlükələr artıq əvvəlcədən mövcud olub: "Söhbət ondan gedir ki, ölkələr həmin potensial təhdidləri necə aradan qaldırmağa çalışır, onların qarşısını almaq üçün nə edirlər. Əgər təhlükə görünürsə və sizə hücum olursa, bu, artıq gecdir. Siz ürəkdən çalışmalısınız və cəmiyyətdə, ilk növbədə, ölkənizdə elə mühit yaratmalısınız ki, bu hədələr üçün əsaslar minimal olsun. Bu halda, əsasən, iqtisadi inkişaf, işsizliyin və yoxsulluğun azaldılması, yaxşı idarəçilik və sosial ədalət nəzərdə tutulur. Bütün bunlar bizim üçün hər zaman prioritet xarakter daşıyan başlıca amillər olub.

İqtisadi islahatları başlayanda, bu, asan deyildi, çünki öncə qeyd etdiyim kimi, biz sistemi tamamilə dəyişməli idik. Çox ağır vəziyyətdə idik. Həmin vaxt neft və qaz yataqlarının işlənilməsi aparılmırdı. Yoxsulluq baş alıb gedirdi. Bir sözlə, həmin iqtisadi sistemi dəyişmək çoxlu sosial gərginlik yaradırdı. Bu səbəbdən, bizdə sosial və iqtisadi siyasət paralel aparılırdı. Çünki radikal iqtisadi islahatlar bəzən sosial problemlər yaradır".

Prezident deyib ki, bu gün terror təhlükəsi kimi aydın görünən hədələr əsasən təhsilin aşağı səviyyədə olmasından irəli gəlir: "Beləliklə, biz təhsil sahəsinə böyük sərmayələr qoymuşuq. On il əvvəl Prezident kimi ictimaiyyət qarşısında ilk çıxışlarımdan birində söyləmişdim ki, biz "qara qızıl"ı insan kapitalına çevirməliyik. Başqa sözlə, enerji resurslarından əldə olunan gəlirləri təhsil, müasir texnologiya, xidmətlər sahələrinə sərmayə kimi qoymalı idik. Bu səbəbdən, hazırda Azərbaycan kosmik sənayesi olan ölkədir. Fəxr edirik ki, bu gün iki peykimiz var. Savadlılıq səviyyəsi yüz faizdir. Neftin qiymətindən asılı olmayaraq, bu gün gəlir əldə edən orta təbəqə var".

İlham Əliyev qeyd edib ki, radikalizm, əlbəttə ki, hamımız üçün təhlükədir: "Cənab Barrozunun düzgün qeyd etdiyi kimi, ölkələrimizin geosiyasi mövqeyi radikalların Avropa qitəsinə daxil olmasına təbii maneədir. Ölkələrimizin Avropa üçün əhəmiyyəti adətən bəzilərinin fikirləşdiyi kimi sırf neft və qazla ölçülmür, baxmayaraq ki, bu, indiyə qədər heç vaxt görünmədiyi kimi vacibdir. Bizim dövlətlər müasir və dünyəvi müsəlman ölkəsi nümunəsidir. Bu, onu göstərir ki, müsəlman ölkəsində də ənənəvi dinlərə hörmətlə yanaşan müasir, dünyəvi cəmiyyətin olması mümkündür və ümumi dəyərlərə söykənən cəmiyyət qurula bilər. Yadımdadır, cənab Barrozu ilə keçirdiyimiz mətbuat konfranslarından birində bildirmişdim ki, biz Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyirik. Mən bunu təkrarlamaq istəyirəm. Bizim üçün bu, təkcə bazara və texnologiyalara çıxış demək deyil, bu, müasir, dünyəvi inkişafımızın davamına bir növ zəmanətdir. Eyni zamanda, regionumuzu qiymətləndirmək, tarixi təhlil etmək də vacibdir. Ölkələrimiz əsrlər boyu müstəqil olmayıb. Bu, bir növ, psixoloji amildir. Bu səbəbdən, əhalinin əksər hissəsi müstəqilliyi milli mənafe kimi qəbul edir. Bu gün biz azadıq, öz bayrağımız var. Biz artıq BMT-nin üzvləriyik və öz taleyimizi özümüz təyin edirik. Bunu özümüz edirik. Bəzən, siyasi inkişafa, siyasi islahatlara aid məsələlərə gəldikdə, müəyyən münasibətlər yaranır. Lakin biz buna sadiqik".

Azərbaycan Prezidenti bildirib ki, siyasi islahatlar çox əhəmiyyətlidir: "Çünki onlarsız heç bir ölkə davamlı inkişafa nail ola bilməz. Əgər dünyanın inkişaf etmiş ölkələrinə nəzər yetirsəniz görərsiniz ki, onların heç birində nə neft, nə də qaz var. Neft və qazı olan ölkələr isə bəzən bu resurslardan tam yararlana bilmir. Neft və qaz inkişaf üçün sadəcə bir vasitədir.

Əlbəttə ki, təhlükəsizlik məsələlərinə gəldikdə, biz öz rolumuzu oynayırıq. Məsələn, regiondakı təhlükəsizlik, Əfqanıstandakı vəziyyət. Biz regionlar arasında dəmir yolu çəkirik. Bu, Bakı-Tbilisi-Qars dəmir yolu adlanır və o, qitələri birləşdirəcək. Hər kəs bəhrələnəcək - Rusiya, Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə, Gürcüstan, Avropa. Bu layihədən hamı qazanacaq. Biz bu kimi layihələri daha çox həyata keçirməliyik. Yeganə məsələ ondan ibarətdir ki, aşağı neft qiymətləri ilə hökumətin gündəliyinə gəldikdə, hökumətin əlində olan böyük nağd vəsaitlərlə büdcə necə formalaşdırılmalıdır?! Razıyam ki, biz infrastruktura daha çox pul yatırmalıyıq. Lakin belə neft qiymətləri ilə biz infrastruktura çoxlu vəsaiti sərmayə kimi qoysaq, onda ehtiyatlarımız azala bilər. Bu halda, düzgün tarazlığı tapmalıyıq, çünki ehtiyatlar nəinki ölkə daxilində, o cümlədən investorlarda etimad yaradır".

Qeyd edək ki, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb.

Yanvarın 25-dək davam edəcək və "Yeni qlobal kontekst" devizi altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən alovlanması və terror təhlükəsinin artması kimi mövzular daxildir.

Hər il olduğu kimi, bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən çox nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti