...

Meksikada Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Siyasət Materials 24 Fevral 2017 11:51 (UTC +04:00)
Meksikada Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Meksikada Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Bakı. Trend:

Fevralın 23-də Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake (Tlaxcoauqe) meydanında yerləşən “Xocalı Soyqırımı” monumenti qarşısında Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin təşkili ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş və “Xocalıya Ədalət” kampaniyasına dəstək olan tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çoxsaylı diplomatik korpus nümayəndələri, o cümlədən Misir, Ukrayna, Liviya, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri səfirləri, Türkiyə, Gürcüstan, Qazaxıstan və Pakistanın yüksək vəzifəli diplomatları, Meksikada yaşayan Azərbaycan icması və yerli əhali iştirak ediblər.

Tədbir “Xocalı Soyqırımı” monumentinin qarşısına əklil qoyma mərasimi ilə başlanıb. Bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin onların xatirəsinə Tlakskoake Kilsəsinin zəngi çalınıb. Tədbir zamanı çıxış edən Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili Məmməd Talıbov 26 fevral tarixində bütün dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı qətliamından 25 il keçdiyini qeyd edərək, həmin günün azərbaycanlıların könüllərində ən kədərli tarixlərdən biri olduğunu deyib.

Həmin soyuq fevral gecəsi onlarla uşağın arzu və gələcəyinin vaxtsız qırıldığını, yüzlərlə günahsız həyatlara qəddarcasına son qoyulduğunu bildirən diplomat, bu faciənin qurbanlarına bütün bu əzabların verilməsinin yegənə səbəbinin onların sadəcə azərbaycanlı olması olduğunu vurğulayıb. Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığını deyən Azərbaycan təmsilçisi bildirib ki, bu ağlasığmaz dəhşətləri törədənlər ədalət qarşısında cavab verməlidirlər. Xocalı qətliamı artıq bir neçə ölkə, o cümlədən Meksika, həmçinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

M.Talıbov Azərbaycanın qədim tolerantlıq ənənələri və sülhpərvərliyi ilə tanındığını, ölkəmizdə müxtəlif mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu sülh və əminamanlıq şəraitində yaşadığını və bu gün buna dövlət rəhbərliyi və xüsusilə də Prezident İlham Əliyevin bilavasitə qayğı göstərdiyini vurğulayıb. Lakin bölgəmizdə sülhün bərqərar olması üçün ölkəmizə qarşı təcavüzün durdurulması, torpaqlarımızın işğalına son qoyulması və yüz minlərlə həmvətənlimizin öz doğma yurdlarına qayıdmalı olmasını vurğulayıb.

Bundan sonra çıxış edən Meksikada Azərbaycanlı icmasının fəal nümayəndəsi, Mexiko Ştatı Simfonik Orkestrinin üzvü, Mexiko Milli Musiqi Konservatoriyası professoru Spartak Babayev çıxış edərək bu ağrı dolu günlərin canlı şahidi olduğunu söyləyib. O, Azərbaycan xalqının Xocalı qətliamının qurbanlarına ədalət tələb etdiyini və buna bir gün nail olacağımıza inandığını bildirərək bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləyən və yanımızda olan bütün dostlarımıza təşəkkürünü bildirib. Sonra S.Babayev tanınmış Azərbaycan bəstəkarı Cövdət Hacıyevin əsərlərindən skripkada ifa edib.

Tədbirin sonunda iştirakçılara Xocalı qətliamı barədə kitab və disk, həmçinin 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan dinc əhalisinə qarşı törədilmiş silahlı təxribatların ağır nəticələri barədə kitablar paylanıb.

Qeyd edək ki, 26 fevral tarixində Tlakskoake kilsəsində Bazar günü xidməti zamanı Xocalı qətliamı qurbanlarının xatirəsi yad ediləcək, dua oxunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti