Bakı. Trend:
Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir.
Trend-in məlumatına görə, bunu Bakıda dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib: "Hörmətli xanımlar və cənablar. Hörmətli qonaqlar. Mən sizin hamınızı səmimiyyətlə salamlayıram və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstan, Özbəkistan və Qazaxıstanın Baş nazirlərini, Tacikistan və Türkmənistanın nazirlərini salamlayıram, bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.
Əziz qonaqlar, sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 km-i Azərbaycanın ərazisindən keçir".
İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: "Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir".
Prezident bildirib ki, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artacaq, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək, bu yol sabitliyə, təhlükəsizliyə xidmət göstərəcək:
"Əminəm ki, bu yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanıb, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilib və nəhayət, bu gün Azərbaycanda, Ələtdə bu yolun açılışını qeyd edirik".
Dövlət başçısı vurğulayıb ki, bu yolun tikintisi Azərbaycan, Gürcüstan və Türkiyə arasında qardaşlığın, dostluğun nəticəsidir: "Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyir, ölkələrimiz, xalqlarımız, dünya üçün önəmli olan layihələri icra edir. Bakı-Tbilisi-Qars bu layihələr arasında öz layiqli yerini tutmuş bir layihədir".
İlham Əliyev əlavə edib: "Ondan əvvəlki dövrdə biz böyük tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını bərabər qeyd etmişdik. Ceyhan şəhərində o təntənəli mərasim mənim xatirimdədir. 2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə o kəməri açmışdıq. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin Şərq hissəsindən neft nəql edilir. Yəni bizim ölkələrimiz başqa ölkələr üçün də tranzit imkanları təqdim ediblər. Ondan bir il sonra, 2007-ci ildə yenə də Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əməkdaşlıq hesabına Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. Bu layihə də həm Azərbaycanın, həm Gürcüstanın, həm də Türkiyənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fəaliyyət göstərir".
Azərbaycan Prezidenti bildirib ki, üç ölkə, eyni zamanda, öz elekrik xətlərini birləşdirib və bu gün bu sahədə də əməkdaşlıq uğurla inkişaf edir: "Təbii ki, dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” də məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Bu layihənin icrası uğurla gedir. Bildiyiniz kimi, “Cənub Qaz Dəhlizi”nin 4 hissəsi var. Şahdəniz-2 – işlərin 98 faizi icra edilib. Cənubi Qafqaz boru kəməri – Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir. Orada icra səviyyəsi 99 faizdir. “Cənub Qaz Dəhlizi”nin əsas hissəsini təşkil edən TANAP layihəsinin icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası isə haradasa 60 faizə yaxındır. Yəni Bakı-Tbilisi-Qars dəmir yolu daha əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb.
Təbii ki, əgər əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, irimiqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında yalnız danışa bilərdik. Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil və bunun üçün lazım olan texniki imkanlar və maliyyə vəsaitinin olmaması imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Lakin üç ölkə göstərdi və sübut etdi ki, bu mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr – Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da bir-birini dəstəkləyəcəklər".
Dövlətimizin başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir: "Bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Həmin ölkələrdən gəlmiş nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və bizim ölkələrin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmlənəcək".
İlham Əliyev deyib ki, Avropa üçün bu yolun böyük əhəmiyyəti var: "Azərbaycan artıq bir neçə Avropa ölkəsi ilə müvafiq danışıqlar aparmışdır. Avropa ölkələri də bu yolun tikintisinə çox böyük maraq göstərirlər. Onu da qeyd etməliyəm ki, Azərbaycan eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni bütün infrastruktur hazırdır".
Prezident qeyd edib ki, eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur:
"Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq. Hesab edirəm ki, bu mümkündür və əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji nəqliyyat yolları istifadəyə veriləcək. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir. Bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək".
Dövlət başçısı əlavə edib ki, Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir: "Bütövlükdə deyə bilərəm ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir, Azərbaycanda bu sahəyə çox böyük sərmayə qoyulur. Azərbaycanda 2004-cü ildən bu günə qədər 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycanda 20-yə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir. Azərbaycanın Xəzərdə ən böyük dəniz donanması var - 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımaların təşkili üçün xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük Gəmiqayırma Zavodu tikilmişdir. Bu zavodda bütün növ gəmilər istehsal edilir. Bu zavod gələcəkdə Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı daha böyük həcmlə çalışacaq.
Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi bu gün burada toplaşdığımız Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir. Artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələnin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və bir milyon konteynerə bərabər olacaq. Yəni son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb ki, bu infrastruktur həm ölkəmiz, həm bölgə, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir".
Prezident bir daha qeyd edib ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir: "Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olub. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, daxili imkanlar hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk.
Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Bakı-Tbilisi-Qars yolu həmişə açıq olacaq. Sağ olun".