...

Deputat: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında itirilmiş etimadın bərpa olunması üçün yollar tapmaq lazımdır

Siyasət Materials 26 Yanvar 2018 16:43 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında itirilmiş etimadın bərpa olunması üçün yollar tapmaq lazımdır
Deputat: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında itirilmiş etimadın bərpa olunması üçün yollar tapmaq lazımdır

Bakı. Ləman Zeynalova - Trend:

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında itirilmiş etimadın bərpa olunması üçün yollar tapmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası zamanı Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Deputat deyib: “Biz artıq uzun müddətdir ki, Dağlıq Qarabağda iki icma arasında dialoqun başlanması üçün yollar axtarırıq”.

R.Rzayev əlavə edib ki, bu amil ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə yeni təkan verə bilər.

Millət vəkili vurğulayıb ki, işğalla əlaqədar 25 ildən çoxdur ki, doğma torpaqlarına gedə bilmir: “Dağlıq Qarabağ mənim kiçik vətənimdir. Böyüdüyüm şəhər, Şuşa təəssüf ki, işğal altındadır. Bu, bizim tariximizdir. Bizim bunu unutmağa haqqımız yoxdur. Amma biz gələcəyi necə görürük? Mən xahiş edirəm ki, Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaları arasında dialoq təşəbbüsünü dəstəkləyəsiniz. İtirilmiş etimadın bərpa olunması üçün yollar tapmaq lazımdır”.

Xatırladaq ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Səfər yanvarın 28-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti