...

Azərbaycan Prezidenti: Əgər YAP yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi

Siyasət Materials 8 Fevral 2018 15:56 (UTC +04:00)
Əgər YAP yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi.
Azərbaycan Prezidenti: Əgər YAP yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi

Bakı. Trend:

Əgər YAP yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi.

Dövlətimizin başçısı qeyd edib: "Keçən ilin noyabrında biz partiyamızın 25 illik yubileyini qeyd etmişik. Bu 25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir. 1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 25 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük. O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı".

İlham Əliyev əlavə edib ki, Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran, demək olar, müstəqilliyimizi şübhə altına alırdı:

"Belə bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə partiya üzvləri bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlmiş və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilmişdir. Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. AXC-Müsavat cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə Konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı".

Prezident bildirib ki, bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olub: "Çünki sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Məhz o illərdə - Ulu Öndər hakimiyyətə gələndən bir il sonra “Əsrin kontraktı” imzalanmışdır. Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır. Keçən ilin sentyabrında Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərar verildi. Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti