...

Sergey Markov: Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi

Siyasət Materials 8 Oktyabr 2019 19:03 (UTC +04:00)
Azərbaycan və Rusiya prezidentlərinin “Valday” beynəlxalq diskussiya klubunun iclasıın plenar sessiyası çərçivəsində çıxışı kifayət qədər unikal hadisədir və ikitərəfli münasibətlərin inkişafına təkan verəcək
Sergey Markov: Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan və Rusiya prezidentlərinin “Valday” beynəlxalq diskussiya klubunun iclasının plenar sessiyası çərçivəsində çıxışı kifayət qədər unikal hadisədir və ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.

Bunu Trend-ə müsahibəsində Rusiya-Türkiyə ictimaiyyət forumunun baş katibi, rusiyalı ekspert Sergey Markov deyib.

Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərdə müzakirə olunan məsələlər strateji tərəfdaşlıq sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyəsini, eləcə də iki ölkənin maraqlarının yaxınlığını göstərdi:

“Soçi görüşündə Azərbaycan Prezidentinin qarşısında spesifik və vacib tapşırıq dururdu. Məsələ ondadır ki, Azərbaycanın əsas xarici siyasi problemi Dağlıq Qarabağ münaqişəsidir, bu münaqişənin həllinin zəruriliyi, yüz minlərlə ailənin yaşayış yerinə qayıtması və Dağlıq Qarabağın tam şəkildə Azərbaycanın tərkibinə qaytarılmasıdır. Azərbaycan bu məsələni dinc vasitələrlə beynəlxalq ictimaiyyətin resurslarından istifadə etməklə həll etməyi təklif edir. Amma bu beynəlxalq ictimaiyyətdə erməni diasporu siyasi, informasiya-media və ekspert dairələrində çox nüfuzludur. Hətta Dağlıq Qarabağ problemi ilə bağlı bir növ informasiya-ekspert blokadası hökm sürür və bunun nəticəsində bir çox ölkələrdə ictimaiyyət Dağlıq Qarabağ ətrafında baş verən real vəziyyətdən məlumat əldə edə bilmir”.

S.Markovun fikrincə, beynəlxalq ictimaiyyətin kifayət qədər məlumatlı olmadığı bir neçə faktlar var:

“Birincisi, ictimaiyyət məlumatlı deyil ki, mövqelərdə heç bir paritet yoxdur və ATƏT, BMT kimi təşkilatlar birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu, Ermənistanın qoşunlarını Azərbaycan ərazisindən çıxarmalı olduğu barədə mövqe bildirir. Bu barədə BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri var. Məhz bu qətnamələr barədə Prezident İlham Əliyev danışıb. Beynəlxalq ictimaiyyətin məlumatlı olmadığı digər vacib problem isə odur ki, Dağlıq Qarabağ adı altında iki problem mövcuddur. Birincisi Dağlıq Qarabağdır, ikincisi isə onun ətrafındakı yeddi rayondur. Beynəlxalq ictimaiyyət bilir ki, Dağlıq Qarabağ olub, orada ermənilər və azərbaycanlılar yaşayıb, ermənilər azərbaycanlıları qovub, bu, ədalətsizlikdir və bu məsələ həll olunmalıdır. Eyni zamanda heç kim bilmir ki, Dağlıq Qarabağ ətrafında azərbaycanlıların yaşadığı, ermənilər tərəfindən işğal olunan rayonlar var. Orada demək olar ki, ermənilər yaşamayıb, azərbaycanlı olan bütün sakinlər qovulub, etnik təmizləmələrə məruz qalıb və bu ərazilər Dağlıq Qarabağın ərazisindən də böyükdür. Bundan başqa, Ermənistan bu ərazilərdə heç kimi məskunlaşdırmır, faktiki olaraq ora boş qalıb. Ermənistan oranı Dağlıq Qarabağın gələcək statusunun tanınması üçün mübadilə məqsədi ilə işğal altında saxlayır. Bu barbar etnik təmizləmə və mübadilə üçün boş əraziləri saxlama siyasəti barədə beynəlxalq ictimaiyyət məlumatlı deyil. Ona görə də bu barədə informasiya blokadasını yarmaq Azərbaycan Prezidenti üçün vacib idi. Bunu etmək həm də ona görə çətin idi ki, dinləyicilər arasında erməni diasporunun xeyrinə kifayət qədər meyillilik var idi. Konstantin Zatulin, Andronik Miqranyan kimi nüfuzlu siyasi ekspertlər İlham Əliyevi dinləyirdi. Nəzərə alın ki, söhbət təkcə milliyyətcə erməni olanlardan yox, həm də illərlə erməni diasporu ilə işləyən və bunu qarşılıqlı səmərəli əsasda edən ruslardan gedir. Əlbəttə, onlar İlham Əliyevin qoyduğu vurğuları yumşaltmağa çalışırdılar. Amma Prezident İlham Əliyevin qətiyyətli və obyektiv çıxışı tam gücü ilə informasiya blokadasını sındıra bildi”.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq barədə danışan ekspert qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri müsbət və yüksələn vəziyyətdədir və onların əsasında iki xalqın qardaşlıq əlaqələri durur:

“Azərbaycan və Rusiyanı əsrlər boyunca maraqların birliyi və dövlətlərin liderləri İlham Əliyev və Vladimir Putin arasında şəxsi dostluq münasibətləri bağlayıb. Ölkələrimiz arasında münasibətlər bir neçə istiqamətdə inkişaf edir. Siyasət barədə danışsaq, bu, ilk növbədə Azərbaycanda rus icmasının və Rusiyada azərbaycanlı icmasının yaxşı vəziyyətini nəzərdə tutur. Hər iki icma ölkələrin cəmiyyətinə çox dərin inteqrə olunub. Bundan başqa, siyasət sahəsində ikitərəfli münasibətlərdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu vacibdir. Məhz Rusiyanın təşəbbüsü ilə məşhur Kazan formulu hazırlanmışdı ki, bunun da məğzi Dağlıq Qarabağ ətrafındakı ərazilərin mübadiləsi və Ermənistanla Dağlıq Qarabağın blokadasının qalxmasıdır”.

Daha sonra ekspert Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatına diqqət yönəldib:

“Bu üçbucaq çərçivəsində ikitərəfli münasibətləri əla kimi xarakterizə etmək olar. Rusiya və Azərbaycan, eləcə də Rusiya və Türkiyə arasında münasibətlər yüksək səviyyədədir. Amma üçtərəfli formatda tərəflərin münasibətləri hələlik tam qurulmayıb, ona görə də bu paradoksun niyə mövcud olduğu və bu üçbucağı necə inkişaf etdirmək lazım olduğu barədə dəqiq təhlil aparmaq lazımdır. Mən hesab edirəm ki, Rusiya, Azərbaycan və Türkiyə müasir üçtərəfli formatdan istifadə etməklə regionda və dünyada öz mövqelərini möhkəmləndirə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti