Bakı. Elçin Mehdiyev – Trend:
20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qəhrəmanlıq salnaməsinin yazıldığı tarix kimi qalacaq. 30 illiyini qeyd etdiyimiz bu şanlı tarixin illər keçdikcə daha təntənəli şəkildə, yüksək qəhrəmanlıq ruhu ilə qeyd etməyimiz də onu deməyə əsas verir ki, xalqımız öz tarixinə, dəyərlərinə sahib çıxır.
Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib. Onun sözlərinə görə, bu gün 30 illiyini qeyd etdiyimiz 20 Yanvar hadisələrinin törədilməsinin arxasında dayanan əsas fiqur olan Mixail Qorbaçov hələ də məsuliyyətdən kənar qalıb: "Ən üzücü məqam isə onun Nobel sülh mükafatına layiq görülməsidir. Bütün bunlar təbii ki, dünyada beynəlxalq hüquq və ədalətin işləməməsi ilə əlaqədardır. Düşünürəm ki, insanlıq əleyhinə cinayət törətmiş bir şəxsə "sülh mükafatı" vermək, elə həmin cinayətə şərik çıxmaq kimi bir şeydir.
Amma haqq-ədalət həmişə yerini tapır. Bir neçə il əvvəl Myanmar prezidentinə də eyni mükafatdan təqdim olunmuşdu, amma həmin şəxsin müsəlmanlara qarşı qırğın törətməsindən sonra mükafat geri alındı. Oxşar situasiya gec-tez Qorbaçov kimiləri üçün də təkrarlanacaq. İnanırıq ki, bu mükafat nəinki ondan geri alınacaq, hətta o, törətdiyi əməllərə görə beynəlxalq tribunal qarşısında cavab verəcək.
Həmin günü yaxınlaşdırmalıyıq. Bunun üçün isə gərək təbliğat imkanlarımızı səfərbər edək. Bütün dünya xalqımıza qarşı törədilən vəhşiliklər barədə təfsilatlı şəkildə məlumatlandırılmalıdır".
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.