...

BMTM: Qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhddir

Siyasət Materials 30 Mart 2020 16:36 (UTC +04:00)
BMTM: Qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhddir

Bakı. Trend:

2020-ci il martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbərliyinə (prezident və parlament) işğalçı rejim tərəfindən növbəti qeyri-qanuni seçkilərin keçirilməsi planlaşdırılır. Koronavirus kimi pandemiyanın dünyada sürətlə yayıldığı bir dövrdə bütün dünyada kütləvi tədbirlər və insan toplantılarının təxirə salındığı halda, işğalçı rejimin öz siyasi oyunlarından əl çəkməməsi bir daha işğal altında yaşayan insanların həyatlarına, sağlamlıqlarına və təhlükəsizliklərinə etinasız münasibətin göstəricisidir.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) açıqlamasında bildirilir.

Qeyd edilir ki, işğal edilmiş və etnik təmizləmə keçirilmiş Azərbaycan ərazilərində bu cür siyasi tamaşalar həm Azərbaycan Respublikasının qanunvericiliyinin, həm də bütün beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktıdır: "Bu qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhdlərdən biri olmaqla heç bir şəkildə işğal edilmiş ərazilərdə həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə məsuliyyəti Ermənistanı üzərindən götürə bilməz.

Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarında da bir daha işğal edilmiş ərazilərdə bütün məsuliyyətin Ermənistan üzərinə düşdüyünü göstərməklə, qondarma “Dağlıq Qarabağ” rejiminin heç bir hüquqi və siyasi legitimliyinin olmadığını təsbit etmişdir.

Bu və ya buna bənzər əvvəlki digər qanunsuz seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur, Azərbaycan torpaqlarının işğalı faktını heç bir şəkildə dəyişdirə bilmir və bilməz. Beynəlxalq hüquq tərəfindən qeyd-şərtsiz Azərbaycan əraziləri kimi tanınan işğal altındakı torpaqlarda hansısa seçkilərin keçirilməsi, hakimiyyət orqanlarının formalaşdırılması və vətəndaşların iradələrinin ifadə edilməsi yalnız Azərbaycan Respublikası qanunvericiliyi əsasında, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşların iştirakı ilə mümkündür. Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri daxilində seçkilər yalnız və yalnız ölkə qanunvericiliyi, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşlarının iştirakı ilə keçiriləcəyi təqdirdə hüquqi qüvvəyə malikdir.

Azərbaycan işğal edilmiş ərazilərində əvvəllər də keçirilmiş bənzər “seçkilər”ə beynəlxalq təşkilatlar və dövlətlər dəfələrlə müvafiq siyasi qiymətlərini veriblər. 2017-ci il fevralın 20-də Avropa İttifaqı Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “referendum”un konstitusion və hüquqi çərçivələrini tanımadığını bəyan etmişdi. Bundan əlavə, Avropa İttifaqı həmin referendumun və onun nəticələrinin hansısa formada Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə təsir edə bilməyəcəyini göstərib. 2019-cu ilin dekabrında bu mövqeyi Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini həmin ilin sentyabrında keçirilən qeyri-qanuni “mer seçkilərinə” münasibətində bir daha təsdiq edərək “həmin seçkilərin konstitusion və hüquqi çərçivələrini” tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdi. Bundan əvvəlki 2012-ci ildə qondarma rejimin “prezident seçkilərini” Avropa İttifaqı, NATO və ATƏT kimi beynəlxalq təşkilatlar tanımamış və pisləmişdi.

Nəticə olaraq təəssüflə qeyd etməliyik ki, göstərilən qeyri-qanuni seçkilər Ermənistan rəhbərliyinin münaqişənin həlli prosesində tutduğu qeyri-konstruktiv mövqeyinin və işğalçı siyasətinin daha bir göstəricisidir. Azərbaycan Ermənistanın təcavüzkar siyasətinə cavab olaraq dünya ictimaiyyətini münaqişənin həllinin bölgənin azərbaycanlı və erməni icmalarının bərabər iştirakı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli yolunu dəstəkləməyi və bölgədə əvvəl keçirilən qeyri-qanuni seçkilərə verilən müvafiq qiymətlərində daha prinsipial olmağa çağırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti