...

Vitse-spiker: Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədə inkişaf edir

Siyasət Materials 8 Sentyabr 2020 17:44 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

İkili standart prinsipini tez-tez eşidirik, əslində isə məsələnin mahiyyəti odur ki, mövqe heç vaxt dəqiq olmur. Belə demək mümkündürsə, hər iki tərəflə uzlaşmağa getməyin əsas simvoludur.

Trend-in məlumatına görə, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, bu gün ölkəmiz ikili standart mövqeyindən tam kənardadır və bu siyasəti heç cür qəbul etmir: “Məsələn, deyirik ki, Türkiyə bizim qardaşımız və dostumuzdur, Ulu Öndər Heydər Əliyev dediyi kimi, biz bir millət iki dövlətik. Bu dünən də belə idi, bu gün də belədir və təbii ki, sabah da belə olacaqdır. Mövqeyimiz vahiddir, bunu kimlərəsə xoş gəlmək üçün gizlətmirik. Aydın şəkildə bütün dünyaya diktə edirik ki, Türkiyənin dostu dostlarımız, düşmənlərini isə düşmənlərimiz olaraq qəbul edirik. Vahid siyasətimizin ana xəttində hər iki ölkənin maraqlarının birgə müdafiəsi öz əksini tapır, vahid dilimizin, vahid millətimizin olmasına baxmayaraq, hər bir dövlət - istər Azərbaycan, istər Türkiyə öz müstəqil siyasətini həyata keçirir. Lakin, söhbət hansısa maraqların kəsişməsindən gedirsə, birlikdə vahid siyasət həyata keçiririk.

Hazırda ölkəmizlə qardaş Türkiyənin münasibətləri, bugünə qədər olmayan səviyyədədir, yəni tarixin heç bir mərhələsində hər iki dövlət bir-birinə bu qədər yaxın olmamışdır. Məmnuniyyətlə deyə bilərik ki, hər iki ölkənin başçısı bir-birlərini təkcə dost olaraq görmür, eyni zamanda qardaş olduqlarını hər dəfə bəyan edirlər. Bu dostluq və qardaşlıq təbii ki, bir çox ölkələri narahat edir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, buna təkcə digər xarici dövlətlər deyil, din və millət ortaqlığımız olan dövlətlərin bu cür qısqanması heç cür xoşagələn deyil.

Vahid dəyərlərə malik olmağımıza gəldikdə isə, bütün türk xalqlarının ortaq mirası olan “Kitabi-Dədə Qorqud” dastanında çox bəyəndiyim bir fikir var, hər dəfə qeyd olunur ki, düşmənə qarşı Oğuz igidləri aralarında incikliyin olub-olmamasından asılı olmayaraq birləşirdilər. Bizdə isə bu incikliyin olmamasına baxmayaraq, biz düşmənə deyil, düşmənlərə qarşı kifayət qədər birləşmişik.

Xüsusilə qeyd etmək yerinə düşər ki, bütün məsələlərdə olduğu kimi, 12 iyul tarixində Ermənistan tərəfinin cəbhənin Tovuz rayonunda törətdiyi təxribat zamanı ilk dəstək nümayiş etdirən ölkə yenə Türkiyə oldu.

Biz Türkiyə ilə qardaş olmaqla yanaşı, oxşar talelərə malikik. Belə ki, hər iki ölkə hazırda terrorizmdən əziyyət çəkir. Bu gün torpaqlarımızın faktiki olaraq 20 faizi işğal altındadır, işğal edilmiş ərazilərdən hansısa məqsədlə istifadə edildiyi bu gün dünya ictimaiyyətinə məlumdur. Çox təəssüf hissi ilə qeyd etməliyik ki, ölkəmizin ərazisinin işğalı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin heç biri bu gün də Ermənistan tərəfindən icra edilməyib. Ermənistan tərəfinin beynəlxalq hüququ kobud şəkildə pozması və bundan sonra törətməyə cəhd etdikləri təxribatlar bu münaqişənin dinc yolla həll edilməsini istisna edir.

Ermənistanın törətdiyi təxribatların davamı olaraq, Azərbaycan sərhədini keçərkən yaxalanmış Ermənistan ordusuna məxsus olan zabit də öz açıqlamasında rəhbərlik etdiyi dəstə ilə birlikdə sərhədi keçmək istədiklərini, məqsədlərinin isə hərbi və mülkü şəxsləri öldürmək olduğunu bildirdi.

Bu gün ordumuz nəinki, Cənubi Qafqazın, həmçinin dünyanın ən güclü ordularından biridir. Ordumuz tam müasir silah və sursatla təmin edilmiş, maddi texniki bazası gücləndirilmişdir. Habelə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə əsasən iki ölkə arasında keçirilən hərbi təlimlər, ordumuzun potensialının daha da artırılmasına yönəlmişdir.

Türkiyə ilə təlimlər həm də ona görə vacibdir ki, bu gün hərbi sahədə ən güclü qurum NATO-dur və təbii ki, həmin qurumda aparıcı ölkə Türkiyədir. Bu sahədə olan yaxınlaşma Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsinə kömək göstərir.

Habelə, ölkəmizin təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr hərbi əməkdaşlıq baxımından gələcəyə müsbət vədlər verir. Bizim önəm verdiyimiz məsələlərin içərisində hərbi kadrların hazırlanması xüsusi yer tutur. Bu sahədə də təbii ki, Türkiyə təcrübəsi bizim üçün çox yerində və lazımlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti