...

Mövcud vəziyyət Paşinyanın istefasını və cinayət məsuliyyətinə cəlb edilməsini labüd edir - Deputat

Siyasət Materials 7 Oktyabr 2020 17:21 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Ermənistan cəbhədə Azərbaycan ordusu tərəfindən ağır məğlubiyyətə məruz qalmaqla yanaşı, ölkə daxilində də dərin siyasi və sosial-iqtisadi böhran yaşanır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Ermənistanı uçuruma aparan baş nazir Nikol Paşinyana qarşı xalq tərəfindən böyük narazılıq var:

“Onsuz da böhran vəziyyətində olan Ermənistanda vəziyyət cəbhə xəttində gedən döyüşlərdən və biabırçı məğlubiyyətdən sonra daha da kritikləşib. Digər tərəfdən, cəbhədə gedən döyüşlərdə çoxlu sayda insan itkisi Paşinyana qarşı böyük narazılıq və nifrət yaradıb. Ermənilər Paşinyanı düzgün siyasət aparmamaqda, Ermənistanı uçuruma sürükləməkdə ittiham edir. Hətta döyüşlərdə öldürülən erməni əsgərlərin valideynləri övladlarının ölümündə Paşinyanı günahkar görürlər, onu övladlarını bilə-bilə ölümə göndərməkdə ittiham edirlər. Paşinyan öz məkirli məqsədləri naminə insanları ölümə verməkdən, onları etiraz etmələrinə rəğmən zorla cəbhə bölgəsinə göndərməkdən çəkinmir.

Paşinyanın bu çirkin siyasətini başa düşən və onun qurbanına çevrilmək istəməyən ermənilər ölkəni tərk etməyə üstünlük verir. Məhz buna görə Ermənistanda 18-55 yaşa arasında olan kişilərin ölkədən sərbəst çıxmasına qadağa qoyulub”.

Deputat vurğulayıb ki, bu gün Ermənistanda sosial-iqtisadi vəziyyətdə böhran içərisindədir: “Təkcə bir fakta diqqət yetirsən vəziyyətin nə qədər böhran içərisində olduğunu görərik. Belə ki, Beynəlxalq Valyuta Fondu Ermənistan Respublikasının xarici borcunun yüksək həddə olduğu qənaətindədir. 2019-cu ilin sonuna Ermənistan Respublikasının xarici borcu 11,4 milyard ABŞ dolları təşkil edib ki, bunun da 5,8 milyard ABŞ dolları xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 42,5 faiz, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1900 ABŞ dolları olub. Bu rəqəmlər ölkədə vəziyyətin nə dərəcədə ağır olduğunun göstəricisidir.

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadığı halda ölkədə vəziyyət daha da dərinləşəcək. Ermənistanın Azərbaycanla uzun müddət müharibə aparmaq potensialı və resursları yoxdur. Artıq Ermənistan ordusunun çoxlu sayda texnikası və canlı qüvvəsi məhv edilib, erməni əsgərləri silahlarını atıb qaçır. Paşinyan Azərbaycanla müharibə etməkdə böyük səhv etmiş oldu və Ermənistanı daha da çətin vəziyyətə saldı.

Hesab edirəm ki, bütün bunlar Paşinyanın istefasını və cinayət məsuliyyətinə cəlb edilməsini labüd edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti