...

Ziyafət Əsgərov NATO PA-nın vebinarında erməni yalanlarını bir daha ifşa etdi (FOTO)

Siyasət Materials 16 Oktyabr 2020 19:53 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Oktyabrın 15-də NATO Parlament Assambleyasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vebinarı keçirildi. Tədbirdə quruma üzv və assosiativ üzv olan ölkələrin nümayəndələri və ekspertlər iştirak edirdilər.

Milli Məclisdən Trend-ə bildirilib ki, vebinarı açan NATO PA-nın prezidenti Attila Mesterxazi əvvəlcə münaqişə barədə iştirakçılara məlumat verdi. Tədbirdə çıxış edən ekspertlər Nona Mixelidze, Laurens Broers, Türkiyə, İtaliya, Kanada, Ermənistan nümayəndələri Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bildirdilər, münaqişənin kəskinləşməsi nəticəsində yaşanan insan itkilərindən narahatlıqlarını ifadə etdilər.

İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səsləndirilən fikirlərə münasibətini bildirdi.

Vebinarın təşkilinə görə minnətdarlığını bildirən Ziyafət Əsgərov 27 sentyabrdan etibarən baş vermiş hadisələr barədə geniş məlumat verdi. O bildirdi ki, həmin gün Ermənistan Azərbaycana qarşı növbəti hərbi hücum həyata keçirdi: "Əlbəttə, biz də cavab vermək məcburiyyətində qaldıq. Buna qədər Ermənistan silahlı qüvvələri tərəfindən 2016-cı ildə, sonra 2020-ci il iyulun 12-də Tovuz rayonunda olduğu kimi müəyyən təxtibatlar törədilmişdi. Sonra avqust ayında diversiya qrupu sərhədi keçmək istəmişdi və nəhayət 27 sentyabrdan sonra baş verənlər".

Nümayəndə heyətimizin rəhbəri Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılması ilə bağlı bildirdi ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Təəssüf ki, Ermənistan tərəfindən atılmış raket yaşayış binasına düşmüş və Ermənistanın bu terroru nəticəsində 10 mülki şəxs həlak olmuş, 35 nəfər yaralanmışdır.

Daha sonra Z.Əsgərov dedi ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar artıq 30 ildir ki, gedir: "1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunmuşdur, nədənsə ekspertlərimiz bunu qeyd etmədilər. Bunlar 822, 853, 874 və 884 saylı qətnamələrdir. Həmin qətnamələrdə açıq-aydın şəkildə göstərilir ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Türkiyənin bu prosesdə iştirakına gəldikdə isə, bilirsiniz, biz bir çox ölkələrdən, o cümlədən Rusiyadan, Belarusdan, İsraildən, həmçinin Türkiyədən silahlar alırıq. Türkiyə hal-hazırda bizə yalnız siyasi və diplomatik müstəvidə dəstək verir. Türkiyə ilə əlaqədar Ermənistanın dünyaya yaydığı məlumatlar saxtadır və qara təbliğatdan başqa bir şey deyil.

Burada muzdlular barədə məsələyə də toxunuldu. Cənab Lorens dedi ki, guya Suriyadan hansısa muzdlular Azərbaycan göndərilib. Biz bunu inkar etmişik və yenə inkar edirik. Yeri gəlmişkən, Fransa Prezidenti cənab Makron da cənab Prezident İlham Əliyevlə söhbətində bu məsələyə toxunmuşdu və heç bir sübut təqdim etməmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, bizə sübutları təqdim edin: hansı muzdlular, haradan, necə, hansı yolla gətirilir ? Heç bir sübut yoxdur. Siz də deyirsiniz ki, guya buraya Suriyadan hərbi muzdlular gətirilir.

Amma bizdə sübutlar var ki, Ermənistana Livandan, Suriyadan və başqa ölkələrdən PKK terrorçuları gətirilir. Biz bunu sübut etmişik. Bizim sübutlarımız var və onları müvafiq beynəlxalq strukturlara təqdim etmişik".

Ziyafət Əsgərov qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisidir. Və hamının bunu başa düşməsinin vaxtıdır. Bu anlayışlarla manipulyasiya etmək lazım deyil: "Bir daha bəyan edirik ki, biz humanitar atəşkəsə sadiq qalırıq. Moskvada əldə olunmuş razılıqdan sonra oktyabrın 11-də Ermənistanın xarici işlər naziri Moskvaya getdi və gələn kimi artıq başqa bəyanat verdi ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etməlidir və sairə, sonra isə sülh danışıqlarına “Dağlıq Qarabağ” da qoşulmalıdır. “Dağlıq Qarabağ” adlı qurum yoxdur, bu ərazi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Hörmətli ekspertlər, “Dağlıq Qarabağ” qanunsuz bir qurumdur. Buna görə də biz münaqişənin yalnız bir həlli yolunu görürük: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən, bizim torpaqlarımızdan çıxarılması".

Tədbirin sonunda ikinci dəfə çıxış edən Ziyafət Əsgərov bir daha qeyd etdi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. O beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatlarına və işğalçı siyasətinə adekvat münasibət bildirməyə çağırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti