...

ABŞ sanksiyalarının əsasında Türkiyənin müstəqil siyasətinə qısqanclıq münasibəti dayanır - Politoloq

Siyasət Materials 16 Dekabr 2020 17:05 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Əslində, NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə komplekslərini alması sıradan bir hərbi-texniki əməkdaşlıq nümunəsi deyil. Bu, qlobal miqyasda formalaşmağa başlayan yeni təhlükəsizlik sistemidir.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, “soyuq müharibə”nin başa çatmasından sonra NATO-nun daşıyacağı missiya sual altına düşmüşdü:

“Belə demək mümkünsə, NATO-nun getdikcə amorf bir təsisata çevriləcəyi proqnoz edilirdi. Xüsusən, son 15-20 ildə təkqütblü dünya sisteminin dağılması fonunda bu proses özünü daha qabarıq şəkildə göstərməkdədir. Regional güclərin qlobal geosiyasətə təkan verməyə başlaması ilə yeni qüvvələr balansı formalaşdı. Bütün bu proseslərin fonunda Türkiyə də öz gücünü, mövqeyini əhəmiyyətli dərəcədə möhkəmlədərək beynəlxalq münasibətlərin söz sahibi ölkələrindən birinə çevrildi.

Bu vəziyyət gözlənildiyi kimi ABŞ mərkəzli qlobal düzən tərəfdarlarını qane etmədi. Müstəqil və güclü Türkiyənin təkbaşına öz milli təhlükəsizliyinin qayğısına qalması və bu xüsusda, Rusiyadan S-400 zenit-raket kompleksləri alması həmin dairələrin həzm edə bilməyəcəyi reallıqlardır. Onlar müstəqil xarici siyasət yürüdə bilməyən, bütün parametrlər üzrə Qərbdən asılı olan bir Türkiyə arzulayırlar. Ərdoğan Türkiyəsi isə bu şərtlərin heç biri ilə barışmadı və beynəlxalq münasibətlərin tam müstəqil subyektinə çevrildi.

ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi son sanksiyaların da əsas fundamental səbəbi məhz bu amillərlə əlaqədardır. Aysberqin görünən tərəfində S-400 faktoru ola bilər, amma daha dərin qatlarda Türkiyənin müstəqil siyasət aparmasına qısqanclıq münasibəti dayanır. Nəzərə alaq ki, NATO-ya daxil olan ölkələrdə Rusiya istehsalı olan HHQ sistemlərindən istifadə olunması yenilik deyil. Məlum olduğu kimi, Yunanıstan həmin sistemləri Rusyadan alıb, lakin bu, nə ABŞ, nə də NATO rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olmayıb. Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi qərəzsiz yolla həll etməyi təklif edib. Lakin Türkiyənin təşəbbüsünə hər hansı münasibət bildirilməyib. Çünki ortada qərəz və açıq ikili standartlı siyasət var”.

Politoloqun sözlərinə görə, Türkiyəyə başqa seçim də tanımadılar: “S-400-lərin alınması Ankara üçün qaçılmaz bir zərurətə çevrilmişdi. Belə ki, Türkiyə bundan əvvəl hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a müraciət etsə də, bu müraciətlərə adekvat yanaşılmayıb və həmin sistemlər Türkiyəyə satılmayıb. Bunun əvəzində HHQ sisteminin qurulması NATO çərçivəsində Hollandiyaya həvalə olunub, sonuncu isə üzərinə düşən vəzifələri icra etməyib. Yaranmış vəziyyətdə Türkiyə milli maraqlarını və təhlükəsizlik məsələlərini əsas götürərək Rusiyadan müasir HHQ sistemini alıb.

Əlbəttə ki, sanksiyalar Türkiyəyə təsir etməyəcək, əksinə, onun daha da güclənməsinə səbəb olacaq. Xatırlayaq ki, ABŞ-ın ən müasir F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Türkiyə tərəfindən özünün yeni qırıcı təyyarələr istehsal etməsinə təkan verdi. ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə dünyanı heyrətə gətirən “Bayraktar” dronlarını hazırladı və istehsala başladı. Böyük iqtisadi və hərbi potensiala malik Türkiyə “Altay” tankları, helkopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edir. Bir sözlə, təzyiq və sanksiyalar qardaş Türkiyəni daha da güclü edir.

Hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi yaşandı. Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab etmiş, bunu ədalətsizlik, ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirmişdir. “Bir millət, iki dövlət” konsepsiyası hər situasiyada keçərlidir. Pis gündə də, yaxşı gündə də biz bir-birimizin yanındayıq. Bu, həmişə belə olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti