Bakı. Trend:
“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin qəbulu maliyyə vəsaiti tələb edir.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında komitə sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi keçən dəfə də payız sessiyasının iş plaına daxil edilmişdi.
“Qanun layihəsi maliyyə resursları tələb edir. Mən bu barədə maliyyə naziri Samir Şərifovla da danışmışam. Ümid edirik ki, bu sessiyada “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi qəbul ediləcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində hərbçilərə bir sıra güzəştlərin tətbiq edilməsi nəzərədə tutulur. Belə ki, yeni qanun layihəsinə əsasən, Azərbaycanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərin siyahısının müəyyənləşdirilməsi, Azərbaycanda əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə müavinətlərin verilməsi qaydasının müəyyən edilməsi, Döyüş şəraitində yerləşən və döyüş əməliyyatlarında (fəaliyyətində) iştirak edən hərbi hissələrdə (bölmələrdə), habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən və bu hərbi hissələrə (bölmələrə) ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavənin ikiqat hesablanması nəzərdə tutulur.
Qanun layihəsində, həmçinin, hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavənin 3 qat hesablanması da təklif edilir.
Bununla yanaşı, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən və bu hərbi hissələrə ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavənin 1,5 qat hesablanması təklif edilir.