...

Azərbaycanın öz suveren ərazisində hərbçilərinin təhlükəsizliyi ilə bağlı tədbirlər görməsində qanuna zidd heç nə yoxdur - Ziyafət Əsgərov

Siyasət Materials 25 Aprel 2023 16:11 (UTC +04:00)
Azərbaycanın öz suveren ərazisində hərbçilərinin təhlükəsizliyi ilə bağlı tədbirlər görməsində qanuna zidd heç nə yoxdur - Ziyafət Əsgərov

Bakı. Trend:

Azərbaycan öz suveren ərazisində öz vətəndaşları, öz hərbçilərinin təhlükəsizliyi ilə əlaqədar tədbirlər görürsə burada qanuna zidd heç nə yoxdur.

Trend xəbəb verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

“Ermənistanla Azərbaycan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin yaradılması tarixi hadisədir. İllər boyu, demək olar ki, 30 ilə yaxın müddətdə ermənilər Laçın yolundan istifadə edərək Azərbaycan ərazisinə nəinki silah-sursat daşıyıb, eyni zamanda terrorçu qrupları yerləşdirib. Müharibədən sonra həmin ərazilərdə on minlərlə minaların basdırıldığının şahidi olduq, həmin mina və digər partlayıcı sursatların partlaması nəticəsində yüzlərlə vətəndaşımız ya həlak olub, ya da yaralanıb. Ermənilər həmin yoldan təkcə silah daşınması üçün deyil, həm də bizim təbii sərbətlərimizin talanması üçün istifadə edib. Lakin bundan sonra Azərbaycana qanunsuz separatçı dəstələrin, terrorçuların, qanunsuz silahların daşınması dayandırılacaq”, - deyə o qeyd edib.

Z.Əsgərovun sözlərinə görə, Ermənistan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin yaradılmasını 2020-ci il noyabr ayının 10-da üç tərəfli bəyannamənin müddəalarına zidd kimi qəbul edir.

“Burada heç bir ziddiyətdən söhbət gedə bilməz. Bu, Azərbaycanın öz suveren ərazisində tamamilə qanuni, legitim hüququdur. Azərbaycanın ərazisini şübhə altına alan heç bir şey bəyannamədə yazıla bilməz. Əgər Azərbaycan öz sərhədini, öz suverenliyini möhkəmləndirmək istəyirsə bunun üçün bəyannamədə hər hansı müddəanın olub-olmamasına ehtiyac yoxdur”, - deyə o vurğulayıb.

Z.Əsgərov həmçinin qeyd edib ki, üç tərəfli bəyannamənin 4-cü maddəsində göstərilirdi ki, ermənilər ərazilərimizdən separatçı qüvvələrini dərhal çıxarmalıdır.

“Müharibədən üç il keçməsinə baxmayaraq, Ermənistan öz öhdəliyini yerinə yetirmədi. Bundan əlavə, bəyannamədə göstərilmişdi ki, Zəngəzur koridoru açılacaq, niyə indiyə qədər açılmayıb? Bu, bir daha göstərir ki, Azərbaycan üç tərəfli bəyannamə, hətta ondan sonrakı bəyannamələrlə bağlı öz üzərinə düşən bütün öhdəlikləri vicdanla, beynəlxalq hüququn tələblərinə uyğun yerinə yetirib”, - deyə o bildirib.

Z.Əsgərovun sözlərinə görə, Ermənistanın siyasi və hərbi elitası oyun oynamaqla məşğuldur, onlar sadəcə müxtəlif bəhanə və manipulyasiyalarla sülh müqaviləsinin bağlanmasını gecikdirməyə çalışır.

“Mən Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin yaradılmasında xüsusilə möhtərəm cənab prezident İlham Əliyevin xüsusi əməyini qeyd etmək istərdim. Məhz onun uzaqgörən siyasətinin nəticəsidir ki, nəhayət ölkəmizin ərazisinə bundan sonra cinayətkar dəstələr Ermənistan tərəfindən daxil ola bilməyəcək. Ermənistan bundan sonra öz yerini bilməlidir. Bilməlidir ki, Azərbaycan müharibədə qalib gəlmiş dövlətdir və şərtləri də o müəyyən edir. Şərtlər də əslində ədalətli şərtlərdir. Əgər orda Ermənistanın mülki əhalisi qalıb yaşamaq istəyirsə, Azərbaycanın Konstitusiyasını qəbul etmək istəyirsə, Azərbaycanın qanunlarına tabe olacaqsa buyursun yaşasın”, - deyə Z.Əsgərov vurğulayıb.

Qeyd edək ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti