Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki qardaş ölkə arasında dostluğun və münasibətlərin sarsılmaz olduğunu bir daha göstərir.
Bunu Trend-ə deputat Afət Həsənova bildirib.
Onun sözlərinə görə, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri Türkiyə Azərbaycan əlaqələrinin daha da güclənməsinə imkan verir.
"İki lider arasında səmimi münasibətlər dövlətlərarası əlaqələrin möhkəmlənməsinə böyük töhfədir. İki qardaş ölkə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir çox sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir”, - deyə A.Həsənova deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub.
“44 günlük Vətən müharibəsi dövründə Türkiyə və şəxsən Rəcəb Tayyib Ərdoğan Azərbaycana böyük siyasi dəstək göstərdi, Azərbaycanın müdafiəsi ilə bağlı bir çox bəyanatlar səsləndirdi. Azərbaycan öz hərbi gücü ilə öz torpaqlarını işğaldan azad etdi. Türkiyənin siyasi və mənəvi dəstəyi isə hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndirilir”, - deyə deputat bildirib.
O vurğulayıb ki, qardaş Türkiyədə zəlzələnin baş verməsindən sonra Azərbaycan ilk olaraq öz qardaşının yanında olduğunu bəyan etdi.
"Prezident İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi və eyni zamanda faciənin nəticələrinin aradan qaldırılması üçün qardaş ölkəyə dəstək göstərilməsi məqsədilə bir sıra tapşırıqlar verdi. İstər Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin, istər hərbi-tibbi personalın qardaş ölkəyə göndərilməsi, istər humanitar yardımlarla bağlı verilən tapşırıqlar qardaşlığımızın daha bir bariz nümunəsi idi. Qardaş ölkəyə yardımlarla bağlı cənab Prezident ardıcıl tapşırıqlar verdi. Eyni zamanda Azərbaycan xəstəxanalarının yaralı vəziyyətdə olan türkiyəli qardaşlarımızın müalicəsi üçün hazır vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar verildi. Bu, bir daha göstərdi ki, Azərbaycan Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır.
Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbədənn sonra Azərbaycan ilk dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində yeni bir dövrün başlanğıcıdır”, - deyə deputat vurğulayıb.