Bakı. Trend:
Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, bunu spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Müstəqilliyin bərpasından danışan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 1918-ci ildə demokratik dövlət quruculuğu yolunda atılan addımlar müsəlman şərqində yeni mərhələ açıb.
“Lakin təəssüf ki, quruduğumuz dövlət cəmi 23 ay yaşaya bilib. Ötən əsrin 90-cı illərin əvvəlində dövlətimiz dərin siyasi və iqtisadi böhrana düşüb, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilib.
Belə şəraitdə Ermənistan torpaqlarımızın işğalını gücləndirirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasətçi Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyi və yorulmaz səyləri nəticəsində Azərbaycanın qarşısındakı ağır problemləri aradan qaldırmağı bacardı. Bugünkü müasir, müstəqil, müasir Azərbaycan Heydər Əliyev fədakarlığının nümunəsidir”, - deyə S.Qafarova əlavə edib.