Bakı. Trend:
COP29-da Azərbaycan qarşısına Qlobal Cənub və Qlobal Şimal arasında körpü olmaq kimi vacib vəzifə qoyub.
Trend xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə COP29-a ev sahibliyi etməyin Azərbaycan üçün böyük vəzifə olub.
“Biz bütün maraqlı tərəfləri bu prosesin bir hissəsi olmağa dəvət etməyə can atırdıq. QHT-ləri, ictimaiyyət nümayəndələrini, gənclər təşkilatlarını, yerli xalqları, qadın təşkilatları və digər qrupları yanımızda görmək bizim üçün çox vacib idi”, - deyə o vurğulayıb.
M.Babayev qeyd edib ki, iqlimlə bağlı problemləri və iqlim dəyişikliyinin fəsadları gündəlik həyata, perspektivlərə, ələlxüsus da həssas ölkələrə güclü təsir göstərir.
“Həssas ölkələr arasında, inkişaf etməkdə olan dünya ilə və inkişaf etmiş ölkələr arasında, Qlobal Cənub və Qlobal Şimal arasında körpü olmaq vacibdir. Məhz buna görə biz, qarşıya bu vəzifəni qoymuşuq. Biz hamımız bu missiyanı uğurla başa vurmağa həvəsli idik”, - deyə o bildirib.