Bakı. Trend:
İslamafobiya ilə mübarizə dərin maarifləndirici iş tələb edir.
Trend xəbər verir ki, bunu Qətərin təhsil nazirinin müavini,Dinlərarası dialoq üzrə Doha Beynəlxalq Mərkəzinin sədri İbrahim Saleh Əl-Naimi Bakıda İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü il dönümünə həsr olunmuş “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, islamofobiyanın yayılmasına İslam dininə aid təhrif olunmuş mətnlərin tərcümələri, qərəzli media və radikal siyasi ritorika səbəb olur. Bu, anlaşılmazlıq, nifrət və zorakılığa — ayrı-seçkilikdən tutmuş Kraystçörçdə 51 müsəlmanın qətlə yetirildiyi terror aktına qədər — gətirib çıxarır.
“Quranın təhqir olunması ilə bağlı ictimai hərəkətlər, məsələn, 2023-cü ilin iyununda İsveçdə baş vermiş (Quran) yandırma hadisəsi də ciddi narahatlıq doğurur. Bu cür əməllər cəmiyyətlərdə aqressiyanı və parçalanmanı dərinləşdirir”, - deyə o bildirib.
Nazir müavini qeyd edib ki, islamofobiya ilə mübarizə dərin dini və mədəni maarifləndirmə işi, məsuliyyətli media, sərt qanunvericilik və insan hüquqları sahəsində təşəbbüslər tələb edir.
“İslamofobiya ilə Mübarizə üzrə Beynəlxalq Günün qeyd olunması bu istiqamətdə atılmış mühüm addımdır. Biz birlikdə — müsəlmanlar, xristianlar, bütün dinlərin nümayəndələri — bir cəbhədə dayanmalıyıq”, – deyə Əl-Naimi vurğulayıb.