Bakı. Trend:
Cənubi Afrika Respublikasının Keyptaun şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə G20 Sammiti ərəfəsində keçirilən Dinlərarası Forumda iştirak edir.
QMİ-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Forumun prezidenti Kol Dürhamın dəvəti ilə tədbirdə iştirak edən şeyxülislam tədbir çərçivəsində bir sıra görüşlər keçirib.
A.Paşazadə Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri Dr. İbrahim Salih əl-Nəimi ilə görüşüb. Görüşdə Əl-Nəimi Azərbaycanın dinlərarası və məzhəblərarası modelini uğurlu və dünya üçün dəyərli örnək kimi dəyərləndirib. O, Qarabağ Zəfərinin müsəlman dünyası üçün əhəmiyyətini vurğulayıb. A.Paşazadə Azərbaycan-Qətər əlaqələrinin, xüsusilə dini-mənəvi sahədə inkişafından məmnunluğunu ifadə edib və QMİ ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Doha Dinlərarası Dialoq Mərkəzi ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.
Şeyxülislam, həmçinin BMT Baş Katibinin sabiq müavini, Soyqırımları ilə Mübarizə üzrə keçmiş Ali Komissar, hazırda Müsəlman Ağsaqqalları Şurası (MAŞ) Baş Katibinin müşaviri Adama Dienq və MAŞ Baş Katibinin məsləhətçisi Məhəmməd Bəhr ilə görüşüb. Həmsöhbətlər Azərbaycan multikulturalizmini dəyərli təcrübə kimi qiymətləndirərək, bu modelin qürur duyulası olduğunu qeyd ediblər, Bəhreyndə keçirilən İslamdaxili dialoqa dair Yekun Sənəddə məhz Azərbaycanın uğurlu məzhəblərarası anlaşma modelinin yer aldığını vurğulayıblar.
Görüşdə Azərbaycanda sünnilərlə şiələrin eyni məsciddə namaz qılması və azanların eyni vaxtda verilməsi böyük nailiyyət kimi dəyərləndirilib. A.Dienq Azərbaycanın Qarabağ Zəfərindən sonra ölkəyə təşrif buyurduğunu və bu reallıqları şəxsən müşahidə etdiyini söyləyib.
A.Paşazadə Forumda iştirak edən Özbəkistan nümayəndə heyəti ilə də görüşüb. Özbəkistan Prezidentinin ictimai-siyasi inkişaf üzrə müşaviri Ruslanbek Davletov və Beynəlxalq İslam Akademiyasının rektoru Muzaffar Kamilovla görüşdə Azərbaycan-Özbəkistan dini-mənəvi əlaqələrinin dərinləşməsi və perspektivlər müzakirə olunub. Həmsöhbətlər qardaş xalqlar arasında tarixi bağları, ortaq dəyərləri və dövlətlərarası səmimi münasibətləri yüksək qiymətləndiriblər.
ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar Komissiyasının komissarı Məhəmməd Elsanusi ilə görüşdə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında ABŞ-ın, xüsusilə Prezident Donald Trampın rolu müzakirə edilib. Elsanusi Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində fəal iştirakını, o cümlədən Bakıda keçirilən Dini Liderlərin II Sammiti və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumundakı iştirakını vurğulayıb. Azərbaycandakı dini konfessiyaların ABŞ səfəri və Dini Azadlıqlar Komissiyası ilə əməkdaşlıq perspektivləri də müzakirə olunub. Şeyxülislam isə dini azadlıqlar barədə hesabatların Azərbaycanın reallıqlarına əsaslanmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, G20 Dinlərarası Forumu işini davam etdirir.