Bakı. Trend:
C5+1 formatının genişləndirilməsi və Azərbaycanın yeni regional əməkdaşlıq arxitekturasına daxil edilməsi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün mühüm strateji hadisə olacaq.
Trend xəbər verir ki, bunu bu gün ABŞ-nin Özbəkistan və Ukraynadakı keçmiş səfiri, “Atlantic Council” Avrasiya siyasi mərkəzinin direktoru Con Herbst Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda çıxışında deyib.
Herbst xatırladıb ki, iki həftə əvvəl Vaşinqtonda ABŞ–Mərkəzi Asiya (C5+1) formatında tarixdə ilk Prezident sammiti keçirilib və bundan bir həftə sonra Daşkənddə beş Mərkəzi Asiya ölkəsi Azərbaycanın dövlət başçılarının məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulması barədə razılığa gəlib.
“Bu, regional əlaqələri möhkəmləndirən və əməkdaşlıqda yeni bir mərhələ açan mühüm addımdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının bu gün Mərkəzi Asiyaya marağı Cənubi Qafqaza artan diqqətlə üst-üstə düşür ki, bu da gələcəkdə C6+1 formatının yaranmasını məntiqli və vaxtında atılmış addım edir.
O həmçinin bildirib ki, “Atlantic Council” ekspert görüşləri formatını institusionallaşdırmağı planlaşdırır və bu görüşlər hər il keçirilən C5/C6+1 siyasi sessiyaları ilə paralel təşkil olunacaq.
“Biz artıq bu işə başlamışıq: ilk analitik konfrans C5+1 sammitindən bir gün sonra Vaşinqtonda keçirildi. Və planlaşdırırıq ki, C6+1 ölkələri ali səviyyədə toplandığı hər dəfə bu cür tədbirlər təşkil edək”, – deyə o vurğulayıb.
Herbst əlavə edib ki, Azərbaycanın gələcək formatda iştirakı ABŞ, Bakı və Mərkəzi Asiya ölkələri arasında siyasi və ekspert əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.
