...

QHT PARLAMENT SEÇKİLƏRİNDƏ KOALİSİYA ŞƏKLİNDƏ İŞTİRAK ETMƏKDƏ MARAQLIDIR

Siyasət Materials 7 İyul 2005 17:14 (UTC +04:00)

"Qarşıdakı parlament seçkilərində öz namizədləri ilə iştirak etmək niyyətində olan QHT indiyədək 9 seçki bloku və 5 seçki koalisiyasında təmsil olunmuşlar.Bu isə qüvvələrin parçalanması deməkdir. Noyabr seçkilərində hər hansı bir nəticəni əldə etmək istəyiriksə, QHT vahid koalisiyasına nail olmalıyıq".

Trend informasiya agentliyi xəbər verir ki, bu fikirlər "İctimai Liderlər" seçki blokunun təşkilatçılığı ilə iyulun 7-də Beynəlxalq Mətbuat Mərkəzində "QHT blok və koalisiyalarının seçkilərdə fəaliyyətinin koordinasiyası" mövzusunda keçirilmiş tədbirdə səsləndirilmişdir.

"İctimai Liderlər" seçki blokunun həmtəsisçisi Sabit Bağırov çıxış edərək QHT-lərin parlament seçkilərinə belə pərakəndə halında qatılmasının 3-cü sektor nümayəndələrinin öz niyyətlərinə çatmalarında çoxlu maneələr yaratdığını bildirmişdir.

Həmin blokun digər həmtəsisçisi Azay Quliyev isə siyasi partiyalarla müqayisədə QHT-nin ictimaiyyət tərəfindən çox da tanınmadığını əsas gətirərək səyləri birləşdirmədən qarşıdakı parlament seçkilərindən hər hansı bir uğurun gözlənilməsini əsasız saydı.

Çıxışlarda həmçinin QHT-nin vahid koalisiyasının təşkili məqsədilə işçi qrupun yaradılmasının vacibliyi vurğulandı. Müzakirələrdən sonra

toplantı iştirakçıları adından bəyanat qəbul edildi.

Bəyanatda noyabrda keçiriləcək seçkilərin azad, ədalətli, demokratik keçirilməsi sahəsində bütün demokratik qüvvələrin səylərin birləşdirilməsinə ciddi ehtiyac duyulduğu, milli QHT-nin bu sahədəki fəaliyyətinin müsbət nəticələrə gətirib çıxaracağı öz əksini tapmışdır.

Bəyanatda həmçinin, seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi məqsədilə birgə monitorinqin və "exit-poll"un təşkil olunması, namizədlərin dairələr üzrə irəli sürülməsinin koordinasiyası və onların seçki kampaniyasına ümumi dəstəyin təşkili və s. məsələlər də öz əksini tapmışdır.

Xəbər lenti

Xəbər lenti