...

"LOTU QULİ" VƏ 6 MÜTTƏHİM MƏHKƏMƏYƏ GƏLMƏKDƏN İMTİNA EDƏCƏKLƏR

Siyasət Materials 26 Avqust 2005 16:02 (UTC +04:00)

Avqustun 26-da Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Abid Abdinbəyovun sədrliyi ilə "Lotu Quli" ləqəbli Nadir Səlifovun, dünya üzrə boks çempionu Fariz Məmmədovun və daha 5 nəfərin işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Fariz Məmmədovun vəkili Əli Ələkbərov məlumat verib.

Ə.Ələkbərovun sözlərinə görə, vəkil Təranə Əliyeva müttəhimlərdən birinin müdafiəsinə yeni qoşulduğuna görə cinayət işinin materialları ilə tanış olmaq üçün hakimdən bir neçə günlük möhlət istəyib. Bu səbəbdən də hakim hazırlıq iclasının müddətini avqustun 31-nə qədər təxirə salınıb.

Vəkil onu da bildirdi ki, məhkəməyə təqdim olunmuş vəsatətlər arasında ən vacibləri məhkəmə prosesinin açıq şəkildə keçirilməsi və zərərçəkən qadınların məhkəməyə məcburi gətirilərək dindirilmələridir.

Ə.Ələkbərov: "Bilirnsiniz ki, yalnız intim epizodlar araşdırılarkən iclas qapalı keçirilə bilər. Digər epizodlarsa açıq məhkəmə iclasında araşdırılmalıdır. Ancaq hakim hətta hazırlıq iclasını da qapalı keçirir. Bu da hakim tərəfindən qanunların kobud şəkildə pozulması deməkdir.

O ki qaldı zərərçəkənlərin məhkəməyə məcburi gətirilmələri ilə bağlı vəsatətlərə, bilirsiniz ki, zorlama epizodlarında adları çəkilən həmin zərərçəkən qadınlar artıq hakimə teleqram vuraraq məhkəməyə gəlməyəcəklərini bildiriblər.

Biz də tələb edirik ki, təqsirləndirilən şəxslərin taleyi həmin zərərçəkənlərin verəcəkləri ifadələrdən asılı olduğuna görə onlar məcburi qaydada da olsa məhkəməyə gətirilməlidirlər".

Ə.Ələkbərov təqdim olunmuş vəsatətlərin təmin olunmayacağı təqdirdə təqsirləndirilən şəxslərin etiraz əlaməti olaraq məhkəmə iclaslarında iştirakdan imtina edəcəklərini də istisna etmədi. "Çünki təqsirləndirilən şəxslər də, biz vəkillər də çalışırıq ki, məhkəmədə əsl həqiqətlər üzə çıxsın və bu həqiqətlər ictimaiyyətə çatdırılsın" - deyə Əli Ələkbərov söyləyib.

Vəkil sonda qeyd etdi ki, məhkəməyə təqdim olunmuş vəsatətlər arasında hüquqlarını müdafiə etdiyi Fariz Məmmədov barəsində həbs-qəti imkan tədbirinin dəyişdirilməsi işə bağlı vəsatət də var.

Xəbər lenti

Xəbər lenti