Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası və "Şəffaf seçkilər" Monitorinq mərkəzi qarşıdan gələn parlament seçkilərinin monitorinqi ilə bağlı gördüyü və planlaşdırdığı işlərin təqdimatını keçirib.
Trend in məlumatına görə, sentyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində seçkinin ilk mərhələlərinin müşahidəsi, kütləvi informasiya vasitələrinin (KİV) monitorinqi, yerli və xarici nümayəndələrin iştirakı ilə "exit-poll"ın keçirilməsi barədə məlumat verilib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının birinci vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, namizədlərin irəli sürülməsi, imza toplanması və qeydiyyatı prosesinin monitorinqi zamanı ciddi qanun pozuntularına rast gəlinməyib.
Hazırda Asossasiya tərəfindən ölkənin bütün regionları üzrə təblibğat-təşviqat kampaniyasının gedişinin monitorinqi aparılır, seçkinin sonrakı mərhələlərinin də monitorinqi davam etdiriləcək.
Bundan başqa Asossasiyanın bütün seçki məntəqələrində öz müşahidəçisi olacaq, onların müşahidəsi əsasında hazırlanan seçkinin ilkin nəticəsi noyabrın 7-də açıqlanacaq. 1250 məntəqədə aparılacaq tədqiqata məşhur ABŞ sosioloqu Uoren Mitofski rəhbərlik edəcək.
Təqdimat mərasimində iştirak edən "Mitofsky İnternational" şirkətinin prezidenti Uoren Mitofski bildirib ki, ölkə üzrə bütün seçki mənqələrində "exit-poll" keçiriləcək, hər məntəqədə qalib gəlmiş namizədi müəyyənləşdirəcək, bu barədə düzgün, obyektiv məlumatlar ictimaiyyətə və KİV-lərə açıqlanacaq.
Asossasiya seçkinin ilk mərhələlərinin işıqlandırılmasına dair KİV-lərin monitorinqini də aparıb. Monitorinq qrupunun gəldiyi qənaətə görə, gündəlik mətbu orqanlar seçki prosesini fəal işıqlandırıb, rəsmi mətbuat isə əsasən MSK-nın iclaslarına dair məlumatlar dərc etdirib, namizədliyini irəli sürənlərin üzləşdikləri problemlərə isə yer ayırmayıb.
Seçkinin ilk mərhələlərində namizədlərin üzləşdiyi problemləri ən geniş işıqlandıran "Yeni Müsavat" və "Bakı xəbər" qəzetləri olub. Telekanallar seçki ilə bağlı gün ərzində orta hesabla 7-8 informasiya yayıb.
Tədbirdə həmçinin Asossasiyanın yeni saytının da təqdimatı olub, parlament seçkiləri ilə bağlı məlumatlar, monitorinqlərin, görülən digər işlərin yekunları yerləşdirilib. Seçki günü "exit-poll"ların və Asossasiyanın müşahidəçilərinin rəyləri saytda yerləşdiriləcək.