...

ADP-NİN QƏRARGAHINDA PARTİYA ÜZVLƏRİ İLƏ "OMON"-ÇULAR ARASINDA QARŞIDURMA BAŞ VERİB

Siyasət Materials 6 Oktyabr 2005 18:29 (UTC +04:00)

Oktyabrın 6-da bir qrup şəxs Azərbaycan Demokrat Partiyasının (ADP) qarşısında etiraz aksiyası keçirib, sonra partiyanın qərargahına hücum edib. Bu barədə ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu həmin gün keçirdiyi mətbuat konfransında məlumat verib. O, bildirib ki, özlərini keçmiş "OMON"çu kimi qələmə verən idmançı görkəmli təxminən 10-15 nəfər və təxminən həmin sayda gənc avtobusla ADP-nin binası yaxınlığına gəliblər. S.Cəlaloğlunun sözlərinə görə, avtobusda polis əməkdaşları da olub və həmçinin hadisədən bir saat əvvəl iqtidyönlü kütləvi informasiya vasitələrinin nümayəndələri partiyanın qərargahının önünə toplaşıblar. ADP-nin qarşısına yığışan adamlar orada piket keçirəcəklərini deyiblər.

Onlar partiyanın qərargahı qarşısında ADP lideri, "Azadlıq Bloku"nun 36 saylı Xətai dördüncü Seçki Dairəsindən deputatlığa namizədi Rəsul Quliyevin əleyhinə şüarlar səsləndiriblər. S.Cəlaloğlunun sözlərinə görə, aksiya iştirakçıları sonra qərargahın önündə olan partiya üzvlərinə hücum çəkiblər. Binanın içərisinə daxil olmaq istəyən şəxslərin qarşısını ADP mühafizə xidmətinin əməkdaşları və partiya üzvləri alıblar. Qarşıdurma zamanı bir neçə ADP üzvünün, o cümlədən, "Azadlıq Bloku"nun bir neçə deputatlığa namizədinin xəsarət aldığı bildirilir.

Sərdar Cəlaloğlunun sözlərinə görə, bu hadisə hakimiyyət tərəfindən ADP-yə qarşı hazırlanan təxribat idi: "Bu hücumun mənim Avropa səfərindən qayıtdığım gündə baş verməsi təsadüfi deyil. ADP hesab edir ki, Avropa səfəri zamanı mənim Rəsul Quliyevlə görüşməyim, onun Azərbaycana dönüşü ilə əlaqədar son müzakirələri aparmağım barədə informasiyalar iqtidarı təşvişə salıb. Hakimiyyət qərargaha hücum təşkil edərək, qarşıdurma yaratmaq və bununla Rəsul Quliyevin ölkəyə dönüşünü əngəlləmək məqsədini güdüb"-deyə Sərdar Cəlaloğlu bildirib.

ADP funksionerinin sözlərinə görə, belə təxribatlar zamanı baş verə biləcək hər hansı hadisənin məsuliyyəti iqtidarın üzərinə düşür.

Xəbər lenti

Xəbər lenti