...

Bolqarıstanın nümayəndə heyəti 10 dairədə müşahidə aparacaq və "exit-poll" keçirəcək

Siyasət Materials 11 May 2006 15:05 (UTC +04:00)

13 may təkrar parlament seçkilərini müşahidə etmək üçün Bolqarıstandan 27 nəfərlik nümayəndə heyəti Azərbaycandadır. Trend in məlumatına görə, nümayəndə heyətində Bolqarıstanın deputatları, Mərkəzi Seçki Komissiyasının üzvləri və siyasi partiyaların təmsilçiləri var.

Qeyd edək ki, Bolqarıstanın "Azad və demokratik seçkilərin keçirilməsi uğrunda vətəndaş təşəbbüsü" İctimai Birliyi Azərbaycanda üçüncü dəfədir ki, seçki prosesində müşahidəçi qismində iştirak edir. 2004-cü il bələdiyyə seçkilərində, 2005-ci il parlament seçkisində bu təşkilat seçki prosesini izləyib. Həmçinin seçki günü "exit-poll" (məntəqədən çıxışda sorğu və səslərin tez sayılması) da keçirib. "Exit-poll"ların keçirilmə metodologiyası Bolqarıstan təmsilçiləri tərəfindən hazırlanıb.

Bolqarıstanın "Azad və demokratik seçkilərin keçirilməsi uğrunda vətəndaş təşəbbüsü" İctimai Birliyinin rəhbəri İlya Bojinov bildirib ki, onlar Azərbaycan təkrar parlament seçkilərinin keçirildiyi bütün dairələrdə müşahidə aparacaq, həmçinin məntəqələrin çıxışında "exit-poll" keçirəcəklər. Bolqar nümayəndə heyətinin böyük hissəsi "exit-poll" işinə cəlb olunub və bu prosesdə 20 nəfər iştirak edəcək. İlya Bojinov bildirib ki, ötən ilki parlament seçkiləri ilə müqayisədə bu dəfə fəallıq nisbətən aşağı səviyyədədir. Bunu normal qiymətləndirən müşahidəçi qeyd edib ki, hətta Avropa ölkələrində də belə seçkilərdə vətəndaşların fəallığı o qədər də yüksək olmur.

Qeyd edək ki, Azərbaycanda təkrar parlament seçkilərinin müşahidəsində Bolqarıstan nümayəndələri beynəlxalq müşahidəçi statusu ilə iştirak edəcəklər. Seçkidən sonra isə bolqarlar mətbuat konfransı keçirərək öz məlumatlarını və seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar.

Xəbər lenti

Xəbər lenti