...

Məzahir Pənahov: Azərbaycanda təkrar parlament seçkiləri baş tutmuş hesab olunur

Siyasət Materials 14 May 2006 12:38 (UTC +04:00)

Azərbaycanda 10 seçki dairəsi üzrə keçirilmiş təkrar parlament seçkiləri baş tutmuş hesab olunur. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 14-də keçirilmiş mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəyan edib.

Onun sözlərinə görə, bütün 343 seçki məntəqəsində 36,48% seçicinin iştirak etdiyi səsverməni baş tutmuş hesab etmək olar. O bildirib ki, müşahidələrdə 6 min nəfər yerli və xarici müşahidəçi iştirak edib. M.Pənahov hüquq mühafizə orqanlarına minnətdarlığını bildirərək əlavə edib ki, səsvermə məntəqələrində təhlükəsizlik baxımından hər hansı ciddi asayiş pozuntusu yer almayıb. O qeyd edib ki, səsvermə zamanı hər hansı ciddi pozuntu da qeydə alınmayıb. Bununla yanaşı, M.Pənahov nəzərə çatdırıb ki, MSK-ya daxil olmuş 15 rəsmi müraciətə baxılıb. Ancaq bu müraciətlər seçkilərin nəticələrinə "kölgə sala" biləcək səviyyədə deyil.

MSK sədri bildirib ki, səslərin hesablanması prosesi davam edəcək və 20 gün ərzində tamamilə başa çatacaq. Daha sonra isə bunlar 10 gün ərzində Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.

Xəbər lenti

Xəbər lenti