...

İrəvanda keşiş mitinqi: Köçəryanın oyuncağı erməniləri axmaq sayır

Siyasət Analytics 10 May 2024 13:45 (UTC +04:00)
İrəvanda keşiş mitinqi: Köçəryanın oyuncağı erməniləri axmaq sayır
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda etiraz aksiyaları keçiriir.

Bu barədə "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib.

O, Ermənistanın tələbələrinə, ali təhsil müəssisələrinə, iş adamlarına bununla bağlı müraciət edib. Eyni zamanda heç bir aqressiya olmadan, yalnız bir neçə gün onlara dəstək verməyə çağırıb. “Bölgələrimizin sakinlərinə müraciət edirəm: - bu gecə geri qayıdın”, - o deyib. "İnsanlar bunun belə bir şəkildə baş verməsini, hakimiyyəti şoka salmasını istəyirlər, bizə başqa seçim qoymadınız", - Qalstanyan əlavə edib.

"Tətilə başlayırıq. Mən vilayətlərin sakinlərini də etiraz aksiyalarına başlamağa çağırıram", - arxiyepiskop vətəndaşları hakimiyyətə qarşı mübarizəyə səsləyib.

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatı “Azatutyan” prospektində yolun bir hissəsini bağlayıb.

Bundan başqa, İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi tətilə başlayıb. Onlar müxtəlif fakültələrə daxil olaraq digər tələbələri tətilə qoşulmağa çağırırlar.

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin Tavuş (Tovuzqala) rayonundan keçən hissəsində delimitasiya və demarkasiya işlərinin başlanmasına, habelə bu rayonda 32 ildən bəri erməni işğalında qalmış 4 kəndin azad edilərək Azərbaycana təhvil verilməsinə etirazlar başlayandan az sonra ora Erməni Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan yollanmışdı.

O, özünü aksiyaların "mənəvi rəhbəri", "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının başçısı elan etmişdi.

Daha sonra o, tərəfdarları ilə birlikdə İrəvana yürüş edib, dünən Ermənistanın paytaxtının mərkəzində mitinqə başlayıb.

Dünən B.Qalstanyan bəyan edib ki, Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyana qarşı təşkil etmək niyyətində olduğu impiçment prosesi bir qədər vaxt aparacaq.

"Paşinyanın impiçment prosesi bir neçə gündən çox vaxt aparmayacaq", - Qalstanyan deyib.

Baqrat Qalstanyanın sözlərinə görə, iki müxalif parlament fraksiyası impiçment proseduruna başlamağa hazırdır.

O, daha sonra deyib ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanla onun baş nazir postuna namizədliyini heç vaxt müzakirə etməyib.

O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil.

Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları ortaya atıblar.

Keçmiş ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə biləcəyi ilə bağlı suala arxiyepiskop müsbət cavab verib.

Ermənistanda yaşananlar bir sıra məqamlar baxımından maraqlıdır.

Əvvəla, postsovet məkanı tarixində ilk dəfədir ki, ölkə hakimiyyətinə qarşı etiraz aksiyalarına kilsə rəhbərlik edir.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkyanın rəhbərlik etdikləri "qarabağlılar" klanı ilə xarici ölkələrdəki erməni diasporunun da bir araya gəldiyi unikal konfiqurasiya da ermənilərin çağdaş tarixində bir ilkdir.

Əsasən Fransa, ABŞ və Rusiyadakı erməni diasporlarının hər formada dəstək verdikləri, "Paşinyan hakimiyyətinə qarşı genişmiqyaslı xalq etirazları" kimi qələmə verilən, əslində isə Ermənistanda Köçəryan-Sarqsyan duetinin kilsə ilə üzvi simbiozu olaraq hakimiyyətin devrilməsinə yönəlmiş prosesə külli miqdarda maliyyə vəsaiti ayrılıb.

Təşkilati, texniki və s. dəstəyə habelə, Rusiyanın Ermənistandakı mövqelərini müdafiə edən, bu mövqelərin zəifləməsinə imkan verməyən siyasətçilər, siyasi təşkilatlar, habelə oliqarxlar da cəlb ediliblər.

İrəvanın mərkəzindəki meydanda və küçələrdəki yürüşlər, mitinqlər və qeyri aksiyaların istisnasız olaraq hamıs bir mərkəzdən idarə olunan primitiv ssenarili oyun təsiri bağışlayır.

2021-ci ildəki parlament seçkilərində keçirilmiş aksiyalardan sonra ən böyük etiraz mitinqi olan dünənki olayın təqdimatında "qarabağlılar klanı" israrla vurğulayır ki, başlıca məqsəd, sən demə, aprelin 19-da Nikol Paşinyan hakimiyyətinin qəbul etdiyi qərara, yəni 4 kəndin Azərbaycana qaytarılmasına qarşı "qəzəbli xalqın mövqeyinin nümayişi"dir.

"Qarabağlılar klanı", kilsə və diasporun bütün vasitələrdən istifadə edərək reallaşdırdıqları etiraz aksiyaları İrəvanın hakimiyyət dairələrində heç bir təşviş, narahatlıq və ya xof yaratmayıb.

Tam əksinə, Nikol Paşinyan administrasiyasının mənsubları, iqtidardakı "Mülki Müqavilə" partiyasından olan deputatlar, dövlət qurumlarının rəhbərləri, yerli inzibati-idarəetmə təşkilatlarınınn və strukturlarının başçıları - bir sözlə, dövlət təşkilatlarında və hakimiyyətin siyasi qurumlarının funksionerləri birmanalı olaraq N.Paşinyanı dəstəkləyirlər.

Müdafiə və Daxili İşlər nazirlikləri də N.Paşinyandan göstərişlər gözləyirlər.

"Vətən uğrunda Tavuş" qruplaşmasının indi "genişmiqyaslı, ölkə müxalifətinin ən çeşidli təşkilatlarını birləşdirən hərəkata" çevrilməsində təbii ki, "qarabağlılar klanı", kilsə və diasporun müstəsna rolu var.

Onlara Erməni İnqilabi Federasiyası-Daşnaksutyun da qatılıb.

Baqrat Qalstanyanın bu gün verdiyi bəyanatlara görə, onlar Nikol Paşinyanın hakimiyyətinin reaksiyasını təxminləyiblər: həmin səbəbdən uzunmüddətli itaətsizlik və etiraz aksiyalarına hazırlaşıblar.

Serj Sarqsyanın rəhbərlik etdiyi "Şərəfim var" parlament fraksiyasının katibi Tiqran Abramyan bununla bağlı bildirib ki, tələsməyə lücum görmürlər. Ən azı ona görə ki, parlamentdə N.Paşinyana qarşı imppiçment prosedurunu başa vurmaq üçün iqtidardakı "Mülki Müqavilə" partiyasından olan deputatların da iştirakı mütləqdir.

Beləliklə, aşkar görünür ki, keşiş Baqrat əslində Ermənistanın sabiq prezidenti Robert Köçəryanın əlində marionetkadır. İrəvanda keçirilən aksiyaların təşkilatçılarının əsas məqsədi isə R.Köçəryanın baş nazir postuna yiyələnməsidir.

İrəvandakı etiraz aksiyalarının təşkilatçıları şəhərin küçələrinə və mərkəzi meydanına 80-90 min nəfərin çıxdıqlarını desələr də, real rəqəm 18-20 mindən artıq deyil.

Halbuki bu, Robert Köçəryanın, Serj Sarqsyanın, Erməni Apostol Kilsəsinin və diasporun uğuru yox, uğursuzluğudur.

Çünki 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində R.Köçəryanın tərəfdarlarından və daşnaklardan ibarət “Ermənistan” alyansına 258165 nəfər səs vermişdi.

Serj Sarqsyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyanla birlikdə yaratdıqları “Şərəfim var” alyansına isə 66633 nəfər səs vermişdi.

Kilsənin və diasporun kontrolunda olan kütləni də unutmayaq.

Yəni həmin rəqəmləri nəzərə alsaq, dünən və bu gün İrəvandakı etiraz aksiyalarında ən azı 200 min erməni çıxmalı idi.

Yaşananların səbəbləri çox olsa da, onların arasında biri ən üstünüdür: Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəyən və indi birləşən qüvvələrin xarizmatik, Ermənistanda kütlə tərəfindən qəbul edilən lideri yoxdur.

Sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın hakimiyyət revanşı şansları minimumdur, çünki Ermənistan vətəndaşlarının çoxu onların qayıdışını istəmir.

Diaspor, kilsə və ya kənar dövlətlərin idarə etdiyi qruplaşmalar isə Paşinyana rəqib olacaq fiqura malik deyillər.

Müxalifətin konkret fəaliyyət planı da yoxdur. Belə ki, Baqrat Qalstanyanın özü belə, etiraf edir ki, Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasından sonra nə olacağını, nələr ediləcəyini bilmir.

Keşiş Baqratın bəyanatlarının və fəaliyyətinin idiotlara hesablandığını isə dünənki olay təsdiqlədi.

Ayağındakı ağrılardan şikayətlənən keşiş İrəvandakı «Yerevan Plaza» otelinə yollandı və orada «sırf təsadüf»dən Robert Köçəryanla görüşdü.

Halbukt otelə yollanan baqratı Köçəryanın sağ əli, sabiq müdafiə naziri Seyran Ohanyan müşayiət edirdi.

Keşiş Baqrat ayaqlarının ağrısı ilə bağlı yaxınlıqdakı onlarla tibbi müəssisədən birinə üz tuta bilərdi.

Amma yox, o, ağrıyan ayaqlarına sarğı qoydurmaq üçün Robert Köçəryanın ofisinin olduğu otelə yollandı.

Bu, erməni müxalifətinin primitivliyi, idiotizmi deyilmi?

Xəbər lenti

Xəbər lenti