...

Pekin şəhərində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

Siyasət Materials 10 May 2024 17:43 (UTC +04:00)
Pekin şəhərində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

Bakı. Trend:

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dahi liderin doğma dilimiz haqqında söylədiyi kəlamlar əsasında hazırlanan “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin Çin dilindəki nəşrinin təqdimatı olub.

Pekindəki diplomatik korpusun təmsilçilərinin, Çin Xarici Dillər Nəşriyyatının rəsmilərinin, Çinin nüfuzlu ali təhsil ocaqlarının müəllim və tələbələrinin, Çində təhsil alan və çalışan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub, xatirəsi anılıb. Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr edən Heydər Əliyevin müasir tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi lider kimi düşdüyünü, dahi liderin Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxardığını, işıqlı sabahın etibarlı bünövrəsini yaratdığını deyib. Diplomat Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan mədəniyyətinin və dilinin qorunmasına, inkişafına xüsusi diqqətlə yanaşdığını vurğulayıb. Ümummilli Liderin qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qeyd olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas edib. Ümummilli Liderin müdrikliyi, qətiyyəti, siyasi bacarığı və çoxillik idarəçilik səriştəsi ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqımızın həmrəyliyi və milli birliyi təmin edilib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı olub. Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Onun təşəbbüsü ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunur.
Bünyad Hüseynov Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yad təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan Respublikası tarixi zəfərlərə imza atır, Azərbaycan xalqı öz tarixinin şanlı səhifələrini yaşayır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Diplomat görkəmli dövlət xadimi Heydər Əliyevin Çin Xalq Respublikası ilə münasibətlərə verdiyi əhəmiyyətdən danışıb, 1994-cü ildə Çinə rəsmi səfərinin iki dövlət arasında münasibətlərin inkişafı üçün möhkəm təməl olduğunu deyib. O, təqdimatı keçirilən dərsliyin həm Azərbaycan dilinin inkişafı və tanınması, həm də Azərbaycan-Çin xalqlarının dostluğunun möhkəmləndirilməsi və daha da yaxınlaşması istiqamətdə görülən işlərə əhəmiyyətli töhfə olacağını deyib. Heydər Əliyevin Çin xalqının əski dostu olduğunu vurğulayan Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şı bildirib ki, böyük şəxsiyyətin kəlamlarından ibarət Azərbaycan dili dərsliyinin Çində çap olunması çinlilərin Heydər Əliyevə olan xoş xatirələrini özündə əks etdirir, həm də müasir Çin-Azərbaycan mədəni münasibətlərində yeni bir irəliləyişin olduğunu göstərir. Bu cür layihələr xalqlarımızın bir-birini daha dərindən tanımasına, dostluq və əməkdaşlığı möhkəmləndirməyə sövq edir. Çen Şı görkəmli dövlət xadimi Heydər Əliyevin Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verdiyini, hazırda Sədr Si Cinpin və Prezident İlham Əliyevin uzaqgörən strateji rəhbərliyi altında iki ölkə münasibətlərinin sabit və sağlam şəkildə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, qarşılıqlı siyasi etimad günü-gündən möhkəmlənir, müxtəlif sahələrdə əməli əməkdaşlıq nəticəsində mühüm nailiyyətlər əldə edilir, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq dərinləşir. O, “Xalq öz dili ilə yaranır” dərs vəsaitinin Çin dilində nəşr olunmasının əhəmiyyətinə toxunaraq çinli oxucuların Heydər Əliyevin kəlamlar vasitəsilə Azərbaycanın rəngarəng mədəni irsinə daha dərindən bələd ola biləcəklərini vurğulayıb.

Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsinin dekan müavini Qu Ciayün, Mərkəzi Millətlər Universitetinin müəllimi Molla Niyazi Turniyazi, PXDU-nun Azərbaycan dili ixtisasının birinci kurs tələbəsi Cu Tiensü yaxşı dost və tərəfdaş olan Çin ilə Azərbaycan arasında əməkdaşlığın hazırda bütün sahələrdə, o cümlədən humanitar istiqamətdə inkişaf etdiyini, Azərbaycanda Çin dili və çinşünaslığa marağın geniş vüsət aldığını, Çində isə Azərbaycan dili ixtisası üzrə kadrlar hazırlandığını diqqətə çatdırıblar. “Azərbaycan dili” dərsliyinin təkcə Çinlə Azərbaycan arasında təhsil əlaqələrinə deyil, eyni zamanda Çində Azərbaycan dilli kadrların yetişdirilməsinə, ixtisasın təşkilinə böyük yardım edəcəyini, iki xalqın humanitar əlaqələrində yeni bir səhifə açdığını vurğulayıblar.

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru, Azərbaycan dili dərsliyinin müəllifi, professor İranə Əliyeva bildirib ki, Heydər Əliyevin dərsliyin məzmununu təşkil edən hikmətli kəlamları dərin məna, müdriklik, təcrübə və yüksək mənəviyyat nümunəsidir. Əcnəbi tələbələr Azərbaycan dilini Heydər Əliyevin kəlamlarından öyrənməklə öz lüğət ehtiyatlarını genişləndirəcək, dil biliklərini təkmilləşdirərək, eyni zamanda, Azərbaycan xalqının mədəniyyətini, tarixini və dəyərlərini daha yaxşı dərk edə biləcəklər.

Tədbirdə azərbaycanlı və çinli tələbələr Azərbaycan mahnılarını ifa ediblər. “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyini Çin dilinə PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev tərcümə edib.

Xəbər lenti

Xəbər lenti