...

Müsavat Partiyası Apellyasiya Məhkəməsinin qərarını alıb

Siyasət Materials 26 May 2006 17:45 (UTC +04:00)

Apellyasiya Məhkəməsi tərəfindən millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarına bərpa olunması ilə bağlı çıxarılan qərar partiya rəhbərliyinə daxil olub. Bu barədə Trend ə Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri İbrahim İbrahimli bildirib.

Qeyd edək ki, Apellyasiya Məhkəməsi aprelin 26-da millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarına bərpa olunması ilə bağlı Binəqədi rayon məhkəməsinin çıxardığı qərardan Müsavat Partiyasının apellyasiya şikayətinə baxıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçən iclasda Binəqədi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

İ.İbrahimli qeyd edib ki, Apellyasiya Məhkəməsindən partiya rəhbərliyinə daxil olan qərarda 3 ay müddətində Ali Məhkəməyə şikayət edilməsi göstərilib: "Başımız indi qurultaya qarışdığından. Bu barədə fikirləşməmişik. Qurultaydan sonra MNTK-da məlum məsələ ilə bağlı Ali Məhkəməyə kasasiya şikayətini verib verməmək barədə məsələni müzakirə edəcəyik. Zərurət yaranarsa bu məsələ Partiyanın ali orqanlarında müzakirə ediləcək".

MNTK-nın sədri onu da qeyd edib ki, müzakirələrdən sonra qəti qərar söyləniləcək: "Hələ 2 ay vaxtımız var".

Xəbər lenti

Xəbər lenti