...

Rəbiyyət Aslanova: "Qoran Lenmarkerin məruzəsində Azərbaycanı qane etməyən müddəalar var"

Siyasət Materials 29 İyun 2006 14:22 (UTC +04:00)
Rəbiyyət Aslanova: "Qoran Lenmarkerin məruzəsində Azərbaycanı qane etməyən müddəalar var"

ATƏT PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin məruzəsində Azərbaycanı qane etməyən müddəalar var. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin insan hüquqları məsələləri daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

R.Aslanova onu da vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın rəhbərliyinə etdiyi müracəitlərə baxmayaraq Dağlıq Qarabağ məsələsi qurumun yay sessiyasının gündəliyinə salınmayıb: "Ancaq bu o demək deyil ki, biz sessiyada bu məsələni gündəmə gətirməyəcəyik. Nümayəndə heyətimizin hər bir məsələ ilə bağlı çıxışında bu nəzərə alınacaq".

Millət vəkili bildirib ki, ATƏT PA-nın yay sessiyasının əsas müzakirə mövzusu "ATƏT regionunda insan təhlükəsizliyinin gücləndirilməsi" olacaq. Bu mövzu bilavasitə Dağlıq Qarabağ məsələsi ilə bağlıdır: "Bu dəfə biz çalışmalıyıq ki, qurumun qış sessiyasında Dağlıq Qarabağ məsələsi gündəmə gətirilsin". R.Aslanova onu da bildirib ki, ATƏT PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin məruzəsi hazırdır. Ancaq bu məruzədə Azərbaycanı qane etməyən məsələlər var: "Məruzəçi tərəfləri qane edən bir müddəa ortaya qoymaq istəyir. Ancaq biz Azərbaycanın işğala məruz qaldığını onun nəzərinə çatdırıb məruzənin ədalətli hazırlanmasını tələb edirik".

R.Aslanova onu da vurğulayıb ki, görünür Q.Lenmarker məruzəsi üzərində yenidən işləməli olacaq.

Qeyd edək ki, ATƏT PA-nın yay sessiyası iyulun 3-7-də Brüsseldə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti