...

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Astaradakı cənub katerlər divizionu istifadəyə verilib

Siyasət Materials 19 Dekabr 2006 13:54 (UTC +04:00)

Dekabrın 19-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astaradakı cənub katerlər divizionu istifadəyə verilib. Bu barədə Trend ə DSX-dən məlumat verilib.

Divizionun istifadəyə verilməsi münasibətilə təntənəli açılış mərasimi keçirilib. Mərasimdə DSX rəisi general-leytenant Elçin Quliyev də iştirak edib.

E.Quliyev şəxsi heyət qarşısında çıxış edərək bildirib ki, bu dəniz-sərhəd məntəqəsi Azərbaycanın cənub dəniz sərhədlərində xidmətin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə yaradılıb. Sahil Muhafizəsinin divizionları sırasına daha bir divizionun da əlavə edilməsinin sahil mühafizəsinin gücləndirilməsində önəmli addımlardan biri olduğunu söyləyib.

O, qeyd edib ki, yeni yaradılmış dəniz-sərhəd məntəqəsi Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya və qaçaqmalçılığa qarşı mübarizə aparılması istiqamətində mühüm rol oynayacaq.

E.Quliyev divizionun istifadəsinə verilən texniki avadanlıqlara baxış keçirib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci ildə Prezidentin sərəncamı ilə yaradılılb. Sahil mühafizəsinin dənizdə döyüş xidmətinin təşkili ilə əlaqədar bütün qurumlar Sahil Mühafizəsinin rəhbərliyi altında cəmləşdirilib. Bu cəmləşmə isə beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, qeyri-qanuni balıq ovuna, narkotik maddələrin qeyri-qanuni daşınmasına, qaçaqmalçılığa qarşı mübarizəni daha da təkmilləşdirir.

Xəbər lenti

Xəbər lenti