...

Səfir: Ötməkdə olan ildə Azərbaycan və Qazaxıstan arasında münasibətlər nəzərə çarpacaq dərəcədə fəallaşıb

Siyasət Materials 27 Dekabr 2006 16:10 (UTC +04:00)
Səfir: Ötməkdə olan ildə Azərbaycan və Qazaxıstan arasında münasibətlər nəzərə çarpacaq dərəcədə fəallaşıb

Son vaxtlar Azərbaycanın Astanadakı səfirliyi qaynar nöqtəni xatırladır. "Demək olar ki, hər gün biz ölkəmizdən rəsmi nümayəndə heyətlərini qəbul edirik. Səfərlərin sayına görə biz digər qardaş respublikaların səfirlikləri arasında liderik", - deyə Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lətif Qəndilov Trend in Astanadakı xüsusi müxbirinə bildirib.

"Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın fəallaşmasından xəbər verir. Və 2006-cı ilin əsas hadisəsi - Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə qoşulması və ilin ortasında bu boru kəməri ilə Qazaxıstan neftinin tədarükləri haqqında sazişin imzalanmasıdır. Bu, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yeni dönüş nöqtəsidir", - deyə səfir qeyd edib.

"Xəzər bizi ayırmır, əksinə birləşdirir. Sazişin bağlanması ilə Qazaxıstan neftinin Azərbaycana tədarükü artır, buradan isə neft dünya bazarlarına gedəcək və bu, hazırki vəziyyətdə, tədarüklərin müxtəlifləşdirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələnin kəskin şəkildə durduğu vaxt iki ölkənin əhəmiyyətini artıracaq", - deyə o bildirib.

Bu məsələ cari ilin noyabr ayında Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş energetika forumunda müzakirə edilib.

"Daha bir mühüm hadisə - iqtisadi inkişaf naziri Heydər Babayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan biznes forumunun keçirilməsidir. Bu forum əməkdaşlıq üçün yeni imkanlar açır", - deyə səfir qeyd edib.

Səfir bildirib ki, indi 2007-ci ilin əvvəlində Astanada keçiriləcək hökümətlərarası komissiyanın növbəti iclasına və Azərbaycanın xarici işlər nazirinin Qazaxıstana səfərinə hazırlıq gedir.

Xəbər lenti

Xəbər lenti