...

Millət vəkili Elmira Axundova: "Xarici səfərlərdən qayıdan deputatlar Milli Məclisdə hesabat verməlidirlər"

Siyasət Materials 1 Fevral 2007 17:54 (UTC +04:00)

"Xarici ölkələrə səfər edən və beynəlxalq təşkilatların iclaslarına qatılan deputatlar qayıtdıqdan sonra Milli Məclisdə hesabat verməlidirlər." Trend in məlumatına görə, Milli Məclisin fevralın 1-də öz işinə başlayan yaz sessiyasının ilk iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova belə bir təkliflə çıxış edib.

E.Axundova qeyd edib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Rəfael Hüseynov qurumun qış sessiyasında uğurlu fəaliyyət göstəriblər. O, bu münasibətilə həmkarlarını təbrik edib. E.Axundovanın sözlərinə görə, beynəlxalq forumlarda, iclaslarda, tədbirlərdə iştrak edən azərbaycanlı deputatların çıxışlarını işıqlandırmaq üçün parlament televiziyasına ehtiyac var. Millət vəkili Azərbaycanda parlament televiziyasının yaradılması təklifini irəli sürüb.

Daha sonra E.Axundova təklif edib ki, beynəlxalq səfərlərdən qayıdan deputatlar Milli Məclis qarşısında heç olmasa ayda bir dəfə hesabatla çıxış etsinlər. O bunu informasiya siyasətinin vahid mərkəzdən idarə edilməsi zərurəti ilə əsaslandırıb.

YAP icra katibini müavini Siyavuş Novruzov E.Axundovanın ikinci təklifini dəstəkləyib. O, xarici ölkələrə səfərlərə gedən deputatların qayıdarkən parlament qarşısında hesabat verməsinin zəruri olduğunu bildirib. S.Novruzovun sözlərinə görə, bəzən azərbaycanlı deputaların dedikləri ilə ayrı-ayrı saytların, qəzetlərin yazdıqları üst-üstə düşmür.

E.Axundovanın ikinci təklifini Milli Məclisin sədri Oqtay Əsədov da bəyənib. Spiker indən belə səfərdən qayıdan deputatların hamısının mətbuat konfransı keçirəcəyini və birgə bəyanatla çıxış edəcəklərini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti