...

Axıska türklərinin Gürcüstana qayıdışı məsələsi Avropa Şurasının rəsmisi ilə müzakirə olunub

Siyasət Materials 22 Fevral 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Axıska türklərinin Gürcüstana qayıdışı məsələsi Avropa Şurası baş katibinin müavini, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Gürcüstan üzrə məruzəçisi İqor Qaunla müzakirə olunub. Bu barədə Azərbaycanda məskunlaşan Axıska türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov məlumat verib.

"Biz Gürcüstanda İqor Qaunla görüşdük. O bildirdi ki, Axıska türklərinin qayıdışı məsələsinin ləngiməsi Avropa Şurasını ciddi narahat edir. Məruzəçi dedi ki, mən uzun müddətdir bu problemin həll olunması və Gürcüstanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün çalışıram", -deyə İbrahim Burhanov əlavə edib.

Məruzəçi qeyd edib ki, bu məsələ Avropa Şurasının baş katibi Terri Devisin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşündə müzakirə olunub. M.Saakaşvili Avropa Şurasının baş katibinə söz verib ki, Axıska türklərinin doğma yerlərinə qayıtmasını təmin edəcək qanun layihəsi may ayında parlamentdə müzakirəyə çıxarılacaq və Gürcüstan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

İ.Burhanov deyib ki, Avropa Şurasının rəsmisi ilə aparılan müzakirələrdə Avropada Azsaylı Xalqların Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Tom Trevir, Axıska türklərinin qayıdışı problemi ilə məşğul olan Gürcüstanın Dövlət Komissiyasının nümayəndəsi Teymuraz Lomsadze, mərkəzi qərərgahı Moskvada yerləşən Axıska türklərinin beynəlxalq "Vətən" Cəmiyyətinin sədri Süleyman Barbakadze də iştirak ediblər.

Xatırladaq ki, Axıska türkləri 1940-cı illərdə keçmiş SSRİ-nin o vaxtkı rəhbəri İosif Stalinin göstərişi ilə Sibrə və Qazaxıstana sürgün olunublar. Hazırda dünyanın müxtəlif ölkələrində 400 minə yaxın Axıska türkü yaşayır. Gürcüstan Avropa Şurasına daxil olarkən Axıska türklərinin Vətənə qayıdışını təmin edəcəyinə dair qurum qarşısında öz üzərinə öhdəliklər götürüb. Lakin bir neçə il keçməsinə baxmayaraq, bu öhdəlik hələ də yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti