...

Rafael Hüseynov: "AŞPA komitəsinin müzakirə edəcəyi məsələlər Azərbaycan üçün əhəmiyyətlidir"

Siyasət Materials 14 Mart 2007 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında müzakirə olunacaq məsələlər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov bildirib ki, Daimi Komitənin martın 16-da Parisdə keçiriləcək toplantısında ayrı-ayrı komitələrdə hazırlanan bir sıra vacib sənədlər müzakirə olunacaq. Bura AŞPA-nın Siyasi İşlər, Hüquqi İşlər və Mədəniyyət məsələləri komitələrində hazırlanan müxtəlif sahələrə dair məruzələr daxildir.

"Daimi Komitənin iclasını AŞPA-nın kiçik sessiyası da adlandırırlar. Toplantıda mənim hazırladığım "Avropada peşəkar jurnalistika təhsili və tədrisi", Böyük Britaniyadan olan deputut Toni Lloyidin hazırladığı "ABŞ və beynəlxalq hüquq", türkiyəli deputat Osman Coşqunoğlunun ətraf mühitə və rusiyalı parlamentari Vera Oskinanın Cənubi Qafqazda qadınların vəziyyətinə dair hazırladağı məruzələr müzakirə ediləcək", -deyə R.Hüseynov bildirib.

O qeyd edib ki, Azərbaycanı təmsil edən deputatın Avropada jurnalistikanın gələcək inkişafına dair məruzə hazırlaması ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir: "Çünki Azərbaycan Avropa Şurasının gənc üzvlərindən biridir. Elə ölkələr var ki, uzun illərdir ki, qurumda təmsil olunur, lakin Avropa Şurasının rəhbərliyi həmin dövlətləri təmsil edən deputatlara məruzə hazırlamağı həvalə etmir. Azərbaycan isə Avropada jurnalistikanın gələcək inkişafına dair konsepsiya irəli sürür. Bu da şərəfli bir məsələdir."

Onun sözlərinə görə, müəllifi olduğu məruzə bir neçə dəfə müxtəlif səviyyələrdə müzakirə olunub. Məruzə Daimi Komitədə bənd-bənd müzakirə olunacaq və sonda qətnamə qəbul ediləcək. Bundan sonra isə məruzə hüquqi sənəd kimi çap ediləcək və qüvvəyə minəcək.

Millət vəkili vurğulayıb ki, rusiyalı deputat Vera Oskinanın hazırladığı Cənubi Qafqazda qadınların vəziyyətinə dair məruzə də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti