...

Baş nazir Kərim Məsimov: Azərbaycan və Qazaxıstan hər zaman dost dövlətlər olublar

Siyasət Materials 3 Aprel 2007 15:29 (UTC +04:00)
Baş nazir Kərim Məsimov: Azərbaycan və Qazaxıstan hər zaman dost dövlətlər olublar

Azərbavycan,Bakı/müxbir Trend E.Hüseynov/ Trend in hazırda Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın baş naziri Kərim Məsimovla müsahibəsi

-Siz Azərbaycan və Qazaxıstan arasındakı cari ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz? Fikrinizcə, Azərbaycan-Qazaxıstan əməkdaşlığının perspektivləri necədir?

- Bizim dövlətlərimiz həmişə dost dövlətlər olub. Müstəqillik əldə olunan andan etibarən Qazaxıstan və Azərbaycan arasında konstruktiv siyasi dialoq yaranıb. Dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın əsası Azərbaycan prezidenti Heydər Əliyevin 1997-1998-ci illərdə Qazaxıstana, Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü ilin martında Astanaya, Qazaxıstan Respublikasının prezidenti N.Nazarbayevin 2005-ci ilin mayında Azərbaycana rəsmi səfərləri çərçivəsində qoyulub.

İqtisadiyyat sahəsində də ikitərəfli əməkdaşlıq fəal inkişaf edir. 1999-cu ilin oktyabrından etibarən iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyası fəaliyyət göstərir. Qazaxıstanda hazırda Azərbaycan biznesmenlərinin iştirakı ilə 36 kiçik müəssisə özəlləşdirilib, bunların da 13-ü birgə müəssisələrdir.

Əməkdaşlığın prioritet istiqamətləri iki ölkənin iştirak etdiyi "Avropa-Qafqaz-Asiya" (TRASEKA) beynəlxalq nəqliyyat dəhlizi layihəsidir. Dəmir yolu əməkdaşlıq təşkilatı, SPEKA çərçivəsində nəqliyyat və sərhədlərin kəsişməsi işçi layihə qrupu, MDB dəmiryolçuları hökumətlərarası şurası çərçivəsində qarşılıqlı münasibətlər uğurla inkişaf edir.

Qazaxıstan taxılının qiymətini ucuzlaşdırmaq və onun Azərbaycan bazarlarına çatdırılmasını artırmaq məqsədilə Bakı şəhərinin limanında taxıl terminalı və dəyirman kompleksinin tikintisi layihəsinin reallaşdırılması işi aparılır.

Neft-qaz sahəsində Qazaxıstan-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri Transxəzər marşrutunun istifadəsi ilə Qazaxıstan neftinin dünya bazarlarına nəql olunmasıdır. Sözsüz ki, hökumətlərarası əməkdaşlıq da genişlənir. Qazaxıstan tərəfinin dəvətilə 2006-cı ilin dekabrında "Azərbaycan-Qazaxıstan" parlament əməkdaşlıq qrupunun rəhbəri F.Qəribovun başçılığı altında parlament nümayəndə heyəti Astanada olub. Səfər çərçivəsində tərəflər arasında fikir və təcrübə mübadiləsi baş tutub, həmçinin hökumətlərarası əlaqələrin genişləndirilməsi məsələlərinə baxılıb. Mədəni-humanitar əməkdaşlıq, o cümlədən kinematoqrafiya, müxtəlif yaradıcılıq müsabiqələri və festivallarda qarşılıqlı iştirak sahəsində tərəqqi müşahidə olunur.

-Səfər çərçivəsində hansı əsas məsələlər müzakirə olunacaq?

- Mənim Azərbaycana səfərim 2007-ci ilin 3-4 aprelinə planlaşdırılıb. İki ölkə diplomatları öz kanalları vasitəsilə müzakirə olunacaq məsələləri hazırlayıb. Lakin hər halda, sizin sualınıza cavab olaraq bildirm ki, biz yüklərin nəql edilməsi, kənd təsərrüfatı, regionlararası əməkdaşlıq, turizm və digər sahələrdə ikitərəfli ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi məsələlərini müzakirə etməyi nəzərdə tuturuq.

- Azərbaycan və Qazaxıstan Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə neftin birgə ötürülməsi ilə bağlı hökumətlərarası müqavilə imzalayıb. Qazaxıstanın öz neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına istiqamətləndirilməsində əməkdaşlığın gələcək inkişafı üçün ölkənin ümidləri necədir?

- Xatırladığınız kimi, 2006-cı il iyunun 16-da Qazaxıstan Respublikasının prezidenti N.Nazarbayev və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qazaxıstan və Azərbaycan respublikaları arasında Qazaxıstandan neftin Xəzər dənizi və Azərbaycan ərazisi və Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə yardım və dəstək haqqında Müqavilə imzalayıb. Müqavilə Qazaxıstan neftinin dünya bazarlarına ixracının artırılmasına yönəlib.

Bu layihənin əsas məqsədi Şərq-Qərb enerji dəhlizi vasitəsilə Aralıq dənizinə Qazaxıstan neftinin artan həcminin nəql olunması üçün şərait yaradılmasıdır. Yeni prinsipial nəqliyyat sisteminin yaradılması yüngül Kaşaqan neftinin onun keyfiyyətini saxlayaraq nəql edilməsini təmin edəcək. Transxəzər nəqliyyat sistemi ilkin mərhələdə 5 mln. ton neftin nəql olunmasını təmin edəcək. Gələcəkdə ildə 38 mln. ton neftədək artırılacaq.

Transxəzər sisteminin Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərində yeni neft nəqletmə infrastrukturlarının yaradılması nəzərdə tutulub. Hazırda Qazaxıstan tərəfindən bu layihənin texniki və texnoloji əsaslandırılması üzrə işlər aparılır.

Fikrimcə, ümumilikdə bu layihənin reallaşdırılması Şərq-Qərb vahid energetika dəhlizinin inkişafında əsas rol oynayacaq və Qazaxıstan neftinin ixracını təmin etməyə imkan verəcək.

- Siz Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın hazırki səviyyəsini necə qiymətləndirirsiniz? İki ölkə əməkdaşlığı nöqteyi-nəzərindən neft sahəsində hansı prioritet istiqamətləri qeyd edə bilərdiniz?

- Qeyd etdiyim ki, ölkələrimiz arasında işgüzar əməkdaşlıq olduqca fəal inkişaf edir. Belə ki, statistik məlumatlara əsasən, əgər 2005-ci ildə mal dövriyyəsi 150,4 mln. ABŞ dolları təşkil edibsə, 2006-cı ildə isə bu göstərici təxminən iki dəfə artaraq 297 mln. ABŞ dolları təşkil edib, bunun 226 milyon dolları ixrac, 71 mln. dolları isə idxalın payına düşür. Bununla belə həm ixrac, həm də idxalın artım tendensiyası müşahidə olunur.

Cari ilin yanvar-fevral ayları ərzində mal dövriyyəsinin məbləği 41 mln. ABŞ dollarını keçib. Qazaxıstandan Azərbaycana neft və karbohidratlar, təbii kimyəvi birləşmələr, arpa, tütün məmulatları, karbon polad prokatı, elektrik avadanlıqları ixrac olunur.

Azərbaycandan Qazaxıstana bituminoz materiallardan əldə olunmuş neft məhsulları, maşın və mexanizmlər üçün etilen polimerləri, məhlullar üçün nasos və qaldırıcılar, yığılma tikinti konstruksiyaları idxal olunur.

Azərbaycana Qazaxıstan ixracı həcminin artımı nominal ifadədə 175% təşkil edib. Bununla yanaşı, əsas komponentlər ilk növbədə iki ölkə arasında ticarət münasibətlərinin möhkmələnməsi ilə əlaqədar mal strukturunun nəzərəçarpacaq dərəcədə dəyişiklikləridir. Misal üçün, 2006-cı ildə ötən illə müqayisədə su nəqliyyatı vasitələrinin (gəmi, qayıq və üzən konstruksiyalar) ixracı payı əhəmiyyətli dərəcədə artıb və 33% təşkil edib.

2005-ci illə müqayisədə həmçinin yanacaq, neft və neft məhsulları, maşın və avadanlıq kimi komponentlərin ixracı həcminin azalması tendensiyası qeyd olunub. Bununla yanaşı, mineral məhsulların idxal payının azalması ilə yanaşı, qara metal məmulatları və yerüstü və su nəqliyyat vasitələri üzrə əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Sizə sadaladığım bütün rəqəmlər, əlbəttə ki, Qazaxıstan və Azərbaycan arasında inkişafın müsbət dinamikasını göstərir. Eyni zamanda biz Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində gələcək məhsuldar əməkdaşlığın əhəmiyyətli potensialı haqqında əminliklə danışa bilərik.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Qazaxıstanın mövqeyi necədir? Qazaxıstan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdırmı?

- Qazaxıstan regional və beynəlxalq münaqişələrin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız sül yolunun tərəfdarı kimi çıxış edib və çıxış etməkdə davam edir. Bu məsələ ilə bağlı dünya ictimaiyyətinin narahatlığını bölüşürük və gərginlik yaradan, ərazi bütövlüyü, müstəqillik, təhlükəsizlik və suveren dövlətlərin sabitliyinə təhlükə yaradan dövlətlərin daxili işlərinə istənilən müdaxiləni pisləyirik.

Qazaxıstan hökumətinin başçısı kimi mən bu münaqişənin sülh yolu ilə həllinə ümid bəsləyirəm.

Xəbər lenti

Xəbər lenti