...

Azərbaycanın müxalifət partiyası qurultaya hazırlıq prosesini davam etdirir

Siyasət Materials 24 Aprel 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyasının (ADP) 30-dan artıq rayon və şəhər təşkilatında qurultaya hazırlıq konfransı keçirilib. Bu barədə çərşənbə axşamı Bakıda ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu məlumat verib.

Onun sözlərinə görə, bu həftə daha 10 rayon və şəhər təşkilatında qurultaya hazırlıq konfransları keçirilcək: "ADP Ali Məclisinin qəbul etdiyi qərara uyğun olaraq mayın əvvələrinə qədər qurultaya hazırlıq prosesini yekunlaşdıracağıq."

Cəlaloğlu bildirib ki, 60 rayon və şəhər təşkilatında konfrans keçirməyi planlaşdırırlar.

O qeyd edib ki, ADP-nin bir neçə yerli təşkilatı tam tərkibdə partiyanın keçmiş sədri Rəsul Quliyevin tərəfinə keçib: "Ona görə də həmin rayon və şəhərlərdə yerli təşkilatları yenidən yaradırıq."

Cəlaloğlunun sözlərinə görə, ADP-də daxili qarşıdurma yaranan zaman Quliyevin tərəfinə keçdiklərini bəyan edən bir neçə yerli təşkilat yenidən demokratların sıralarına qayıdıblar: "Biz həmin təşkilatlarda da konfranslar keçirəcəyik."

Qeyd edək ki, sağ mərkəzçi müxalifət partiyası olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Quliyev rəhbərlik edib. Bu ilin fevral ayında ADP-də parçalanma baş verib. Təşkilat Quliyev və Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Sonradan Quliyev ADP adından imtina edib. Ali Məclisin qərarı ilə partiya 2007-ci ilin yanvarında siyasi xəttində dəyişiklik edib və radikal müxalifətçilikdən imtina edərək hakimiyyətlə siyasi dialoqa getmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti