...

Azərbaycanın hakim partiyasının sədr müavini: "Ziyalıların qarşılıqlı səfərləri danışıq proseslərinə yeni element gətirib" (video)

Siyasət Materials 3 İyul 2007 15:09 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının sədr müavini: "Ziyalıların qarşılıqlı səfərləri danışıq proseslərinə yeni element gətirib" (video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri danışıq proseslərinə yeni element, arqument gətirib. İndiyə qədər qeyri-konstruktiv mövqe tutan Ermənistanın əldə etdiyi bəhanələrdən biri də qarşılıqlı etimadın yaradılması idi. Aksiyanın mahiyyəti və mənasına da yalnız bu mövqedən qiymət vermək lazımdır. Ona görə də Azərbaycan ziyalılarının Dağlıq Qarabağa və Ermənistana səfərini normal qarşılamaq olar. Azərbaycan bu aksiyanı həyata keçirməklə mövqeyində hər hansı dəyişiklik etməyib. Bu bəyanatla çərşənbə axşamı Trend ə eksklüziv müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov məlumat verib.

Ziyalıların qarşılıqlı səfərlərinin danışıqlar prosesini zənginləşdirdiyini deyən Əhmədov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə tənzimlənəcəksə, onda Dağlıq Qarabağda yaşayan erməni əsilli insanlar Azərbaycan vətədaşları kimi həmin ərazidə yaşayacaqlar.

YAP təmsilçisi Azərbaycan ziyalılarının Arkadi Qukasyanla hansı formatda görüşdüyünə də aydınlıq gətirib. Onun sözlərinə görə, Qukasyanı Dağlıq Qarabağın prezidenti kimi nəinki ora səfər edən Azərbaycan ziyalıları, dünyanın heç bir dövləti tanımır. Qukasyan sadəcə olaraq Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi kimi qəbul edilib. Bu qisimdə Azərbaycan ziyalıları onunla görüşüblər.

"Görüşlər danışıqlar prosesinə yeni elementlər gətirməklə prosesin Azərbaycanın istəyinə uyğun olaraq davam etməsinə, hər iki xalq arasında qarşılıqlı etimadın yaranmasına kömək edəcəksə, ziyalıların görüşlərini davam etdirməyə dəyər" - deyə Əhmədov əlavə edib.

YAP təmsilçisi deyib ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün mümkün olan bütün imkanlardan istifadə edilir. Təbii ki, bu vasitələrdən istifadə edərkən Azərbaycanın qarşısında duran əsas məqsəd işğal olunan torpaqları azad etmək, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasını təmin etməkdir. Bu məqsədlə Azərbaycan mümkün olan bütün vasitələrdən yararlanmağa çalışdığını dəfələrlə bəyan edib. Eyni zamanda, Azərbaycan prezidenti münaqişənin dinc yolla həlli mümkün olmadığı halda, digər ən sərt vasitələrdən istifadə edəcəyini aydın şəkildə bəyan edib. Bu baxımdan Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bəllidir. Digər bir şərt və forma Azərbaycan üçün məqbul deyil.

Bir neçə gün öncə Azərbaycanın və Ermənistanın beş nəfərdən ibarət nümayəndə heyəti hər iki ölkənin prezidentləri ilə görüşüb.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti