...

NATO baş katibinin müavinin Azərbaycana səfəri təxirə salınıb

Siyasət Materials 10 İyul 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ NATO baş katibinin müavini Jan Furnenin Azərbaycana səfəri hava şəraiti ilə əlaqədar təxirə salınıb. Bu barədə çərşənbə axşamı NATO-nun Brüsseldəki mənzil qərargahının mətbuat katibi Simon De Monso bildirib.

NATO baş katibinin ümumi diplomatiya üzrə müavini Jan Furne Bakıda keçiriləcək illik NATO həftəsində iştirak etmək üçün iyulun 9-14-də səfərə gəlməli idi. Tədbirin açılışında isə Furnenin səfərinin təxirə salındığı elan olunub.

Bakıda hər il təşkil olunan NATO həftəsi çərçivəsində iyulun 14-nə qədər NISA yay sessiyası (NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbi), Avro-Atlantik Tərəfdaşlıq Şurasının kollokviumu, dövlət müəssisələrinin mətbuat katibləri və jurnalistlər üçün seminar, Gəncədə Avroatlantik informasiya mərkəzinin açılışı və s. kimi tədbirlər baş tutacaq.

Tədbir "Enerji təhlükəsizliyi və Avroatlantik regionda böhranlı infrastrukturun mühafizəsi" devizi altında keçirilir.

Yay sessiyasının iştirakçıları "Üç dəniz regionu (Xəzər, Aralıq, Qara dəniz) və enerji təhlükəsizliyində onun rolu", "Karbohidrogen ehtiyatlarının rolu: perspektivlər və alternativlər", "Enerji təhlükəsizliyində NATO-nun rolu", "Terrorizm təhlükəsizliyi", "Enerji təhlükəsizliyinin iqtisadi baxışları", Azərbaycanın enerji təhlükəsizliyi strategiyası" və digər mövzuları müzakirə edəcəklər.

Azərbaycanda NATO həftəsi NATO-nun maddi və ekspert yardımı ilə Xarici Işlər Nazirliyi tərəfindən təşkil edilir.

Xəbər lenti

Xəbər lenti