...

ABŞ dövlət katibinin müavini Metyu Brayza Bakıya Moskvadan gələcək

Siyasət Materials 30 İyul 2007 15:16 (UTC +04:00)
ABŞ dövlət katibinin müavini Metyu Brayza Bakıya Moskvadan gələcək

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin müavini Metyu Brayza Bakıya avqustun 2-də gələcək. Bu barədə bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Conatan Henik məlumat verib.

ABŞ dövlət katibinin müavini artıq Gürcüstan və Ermənistanda olub. Brayzanın Cənubi Qafqaza səfərinin məqsədi ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etməkdir. Henik qeyd edib ki, Brayza Bakıda Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bərabər energetika və demokratiya məsələlərini də müzakirə edəcək.

Avqustun 2-də ABŞ dövlət katibinin müavini Moskvada danışıqlar keçirəcək. Burada ATƏT-in Minsk qrupu (Rusiya, Fransa, ABŞ) həmsədrlərinin Qarabağ nizamlanması ilə bağlı növbəti məsləhətləşmələri keçiriləcək. Henikin sözlərinə görə, Brayza Moskvadan Bakıya gələcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti