...

İranda informasiya mühiti qərəzlidir - İranın Jurnalistlər Assosiasiyasının katibi ilə müsahibə

Cəmiyyət Materials 31 İyul 2009 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir T.Cəfərov /

Trend -un Fars redaksiyasının İranın Jurnalistlər Assosiasiyasının katibi və Assosiasiyanın Rəyasət Heyətinin üzvü Bədrüssadat Müfidi ilə  müsahibəsi

- İranda prezident seçkilərindən sonra baş verən hadisələr zamanı həbs olunmuş jurnalistlərin sayı  haqda müxtəlif məlumatlar səsləndirilir. Siz son hadisələr zamanı həbs olunmuş jurnalistlərin sayı haqda dəqiq məlumat verə bilərsinizmi?

- Bəli, deyə bilərəm ki, son hadisələr başlayandan indiyədək 50 jurnalist həbs olunub. Əlbəttə, bu sayı sabit qalmayıb, yəni həbs olunmuşların bəziləri sonradan azadlığa buraxılıb, başqaları həbs olunub.  Ümumilikdə deyə bilərəm ki, hazırda son hadislərlə bağlı həbsdə olan jurnalistlərin sayı təxminən 24 nəfərdir.

- Junalistlər Assosiasiyası indiyədək həbs olunmuş jurnalistlərin azadlığa buraxılması ilə bağlı hansı tədbirlər görüb?

- İndiyədək bu işlə bağlı müxtəlif addımlar atmışıq. O cümlədən, jurnalistlərin həbsi ilə bağlı öz etiraz bəyanatlarımızı yaymışıq. Eyni zamanda  çalışmışıq ki, Jurnalistlər Assosiasiyasında iclas keçirərək, öz etirazımızı rəhbər şəxslərə çatdıraq. Lakin təssüflər olsun ki, bu iclası keçirə bilmədik. Çünki göstəriş verildi ki, bu iclas keçirilməsin və biz belə bir göstərişi qəbul etməyə məcbur olduq. Belə ki, bizə deyilmişdi ki, iclasda iştirak edənlərin təhlükəsizliyi təhlükə altında ola bilər. Lakin bununla belə, biz İranın Məhkəmə Sisteminin rəhbəri ayətullah Haşimi Şahrudiyə məktub yazaraq bildirdik ki, bu həbslər həm Kanstitusiyaya, həm də mətbuat qanununa ziddir. Bundan başqa, məktubda həbs olunan jurnalistlərin saxlanma şəraitinə, onların öz ailələri ilə görüşə bilməməsinə etiraz etdik. Həbs olunanlardan bəziləri indiyədk öz ailələri ilə əlaqə saxlamayıblar, onlar üçün bu şərait yaradılmayıb. Biz bu məsələləri məhkəmə sisteminin rəhbərinə çatdırdıq və bu işlərin qanunsuz olduğunu vurğulayaraq həbs olunan jurnalistlərin azadlığa buraxılmasını tələb etdik. Həbsdə olduqları müddətdə onlar üçün şərait yaradılmasını da tələb etdik.

- İranın İRNA xəbər agentliyinin yaydığı məlumata görə, iki fotoqraf-jurnalist Məcid Səidi və Səfyar İmami "son hadisələrlə bağlı ölkədən kənara fotogörüntülər göndərməkdə" ittiham olunaraq məhkəmə qarşısında cavab verəcəklər.  Bu cür ittihamlara münasibətiniz nücədir və sizcə, jurnalistlərə qarşı təzyiqlərin artma ehtimalı varmı?

- Jurnalistlərə qarşı bu cür sərt ittihamların sürülməsindən narahatıq, bu iki nəfərin işinin detalları ilə tanış deyilik. Bizdə belə bir sual yaranır: nə üçün  iqtidaryönlü bəzi agentliklər və ya mətbu orqanlar məhkəmə və  təhlükəsizlik orqanlarına aid məsələlərə müdaxilə edirlər. Onlar təhlükəsizlik və məhkəmə orqanlarının maraqlarına xidmət edən məlumatlar yayımlayırlar. Mən bu iki şəxsin işi haqda danışmaq istəmirəm, lakin uzun illərin təcrübəsinə əsasən deyə bilərəm ki, bu cür ittihamlar məhkəmə təşkil olunmamış və şəxs həmin məhkəmədə ona qarşı sürülən ittihamlarda təqsirli bilinməmiş belə fikirlər səsləndirmək əsassızdır və qanuni deyil.

Hər bir fotoqraf-jurnalist, ya jurnalistin işi hadisələrdən foto və xəbər hazırlamaqdır və bu şəxslərə irad tuta bilmərik ki, nə üçün sənin çəkdiyin foto, yaxud yazdığın xəbər filan xarici, ya daxili mətbu orqanda dərc olunub. Foto çəkmək və xəbər hazırlamaq onların peşə vəzifəsidir. Fikrimcə, ölkədəki durum çox qarışıqdır, informasiya mühiti qərəzlidir və hər kəs kimə qarşı nə ittiham istəyir irəli sürür, jurnalistlər cəmiyyətin ən müdafiəsiz  təbəqəsinə çevriliblər.

- Hazırda Jurnalistlər Assosiasiyasının üzvü olan neçə jurnalist həbsdədir?

- Həbsdə olan jurnalistlərin əksəriyyəti Assosiasiyanın üzvidir. Ona görə ki, Jurnalistlər Assosiasiyası İranda ən böyük jurnalist birliyidir. Assosiasiyanın 4 minə yaxın üzvü var. Mən hazırda həbsdə olan üzvlərimiz haqda dəqiq  statistika verə bilmərəm.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti