Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir M.Əliyev/
Azərbaycanın Trend İnformasiya Agentliyi "Euronews" telekanalında efirə getmiş "Dağlıq Qarabağda dəyişiklik küləkləri" adlı verilişlə bağlı kanalın rəhbərliyinə etiraz məktubu ünvanlayıb.
Məktubda qeyd olunub ki, noyabrın 28-də "Euronews" telekanalında efirə getmiş "Dağlıq Qarabağda dəyişiklik küləkləri" adlı verilişdə əks olunan görüntülər, səsləndirilən fikirlər münaqişəni dərindən bilən və regionu yaxşı tanıyan hər bir kəsin təəssüfünə və qəzəbinə səbəb olub.
"Qərəzsiz, operativ və obyektiv imici ilə fərqlənməyə çalışan telekanalın bütün beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycan ərazisi kimi qəbul etdiyi Dağlıq Qarabağı "müstəqil respublika" kimi təqdim etməsi ya "Euronews" rəhbərliyinin məsələyə ikili standartlarla yanaşmasından, ya da reportajı hazırlayan jurnalistlərin savadsızlığından xəbər verir", - müraciətdə qeyd olunub.
Etiraz məktubunda coğrafi və tarixi baxımından Cənubi Qafqazı yaxşı tanımayanlara xatırladılıb ki, tarixən Azərbaycan torpağı olmuş Dağlıq Qarabağda ermənilərin məskunlaşması XIX əsrə təsadüf edir.
"1990-cı illərin əvvəllərindən başlayaraq, Ermənistan hərbi birləşmələrinin təcavüzü nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qovulub. Bölgədə etnik təmizləmə siyasəti həyata keçirilib, azərbaycanlılara məxsus tarixi və mədəniyyət abidələri məhv edilib və ya erməniləşdirilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərin boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu günədək Ermənistan tərəfindən icra olunmayıb. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və Azərbaycan ərazilərinin işğal edilməsi faktları bütün mötəbər beynəlxalq qurumların qərarlarında, əksər dövlət başçılarının və rəsmilərinin bəyanatlarında öz əksini tapıb", - müraciətdə deyilir.
Məktubda bildirilib ki, Ermənistanın Avropalı Dostları (EuFoA) adlı qurumun təşkilatçılığı ilə Dağlıq Qarabağa səfər edən "Euronews" telekanalın əməkdaşlarının çalışdıqları media qurumunun standartlarına zidd olaraq qeyri-obyektiv və qərəzli reportaj hazırlaması və həmin reportajın bir neçə gün ardıcıl olaraq telekanal vasitəsilə yayımlanması onu göstərir ki, bu veriliş ermənipərəst qüvvələrin məhsuludur.
"Reportajda Belçikanın Lüven Katolik Universitetinin Akademik Şurasının direktoru, professor Bernar Kuli Dağlıq Qarabağın erməni mədəniyyətinə aid bölgə olduğunu söyləyərək buranı "Ermənistanın qəlbi" adlandırır. Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş bu ərazini nəzarətdə saxlayan separatçı rejim "müstəqil dövlət", separatçıların başçısı isə qondarma qurumun "prezidenti" kimi təqdim olunur. 200 milyondan artıq tamaşaçı auditoriyasına malik olan bir telekanalın işğalçı rejimdən aldığı və digər mənbələrdən dəqiqləşdirmədiyi məlumatları efirə buraxması ən azından qeyri-peşəkarlıq və laqeydlik hesab olunmalıdır", - müraciətdə bildirilir.
"Avropadan peşəkar jurnalistikanın sirlərini öyrəndiyimiz halda, şahidi olduğumuz bu cür primitiv səhvlər bizdə Avropa jurnalistikasının peşəkarlığına şübhə yaradır. Çünki münaqişə ocağından reportaj hazırlamaq istəyən telekanal qarşı tərəfin də mövqeyini araşdırmalı, Azərbaycan dövləti ilə məsləhətləşmələr aparmalı və tarixi həqiqətləri öyrənməli idi. Təəssüflər olsun ki, biz bunun tam əksinin şahidi olduq. "Euronews" telekanalının bu etinasızlığı Azərbaycan ictimaiyyəti, dövlət və qeyri-hökumət qurumları, yerli kütləvi informasiya vasitələri arasında ciddi narazılıq doğurub. Cəmiyyətdə belə bir rəy formalaşmaqdadır ki, "Euronews" ənənəvi standartlarından kənara çıxaraq nəinki qeyri-peşəkar məhsul, birtərəfli və qərəzli material yayımlayıb, həmçinin erməni lobbisinin təsiri ilə siyasi mövqe nümayiş etdirib. İnanmaq istərdik ki, "Euronews" kanalının rəhbərliyi bir daha bu cür ciddi siyasi səhvlərə yol verməyəcək, sağlam jurnalistika və məlumatlandırma ənənələrinə sədaqət nümayiş etdirərək yanlışlığı aradan qaldıracaq, tarixi həqiqətləri olduğu kimi işıqlandırmaq üçün tədbirlər görəcək, məsələ ilə əlaqədar Azərbaycan ictimaiyyətinin də mövqeyini öz auditoriyasına çatdıracaq", - məktubda vurğulanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]