...

Azərbaycanda rüşvət almaqda ittiham olunan direktora 2 il iş verilib

Cəmiyyət Materials 22 Dekabr 2009 16:12 (UTC +04:00)
Azərbaycanda bir sıra musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərin adına saxta diplomların, arayışların yazılmasında təqsirləndirilən direktora hökm oxunub.
Azərbaycanda rüşvət almaqda ittiham olunan direktora 2 il iş verilib

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda bir sıra musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərin adına saxta diplomların, arayışların yazılmasında təqsirləndirilən direktora hökm oxunub.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Yevlax şəhər 1 saylı musiqi məktəbinin direktoru Bəylər Ağalar oğlu Bəylərov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə ona 8 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəmişdi.

Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən şəxs respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərdən 172 nəfərin adına saxta diplom və 4 nəfərin adına saxta arayış tərtib edib. Həmin diplom və arayışlar əsasında musiqi məktəbləri və gimnaziyalarda işləyən müəllimlərə qanunsuz olaraq ümumilikdə 692 567 manat əməkhaqqı ödənilməsi aşkar olunub.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Gəncə Musiqi Texnikumunun adından verilmiş və rayon musiqi məktəblərindən götürülmüş 1126 ədəd diplomdan 101-i və 3 arayış, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət güstərən Musiqi Kollecinin adından verilmiş 533 diplomdan 31-i, Naxçıvan Musiqi Texnikumunun adından verilmiş 20, Sumqayıt Musiqi Texnikumunun adından verilmiş 8 diplom və ümumilikdə 172 şəxsin adına rəsmiləşdirilmiş diplom və arayışlar həmin musiqi müəssisələri tərəfindən verilməyib.

İstintaq müəyyən edib ki, müəllimlərin bir qismi musiqi texnikumu və kolleclərini bitirmələri barədə saxta diplomları Yevlax şəhər 1 saylı musiqi məktəbinin direktoru Bəylərovdan alıblar.

Bəylərov Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1) və rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1) maddəsi ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti