...

Trend-in əməkdaşı Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin müsabiqəsinin qalibi olub

Cəmiyyət Materials 30 Aprel 2010 13:45 (UTC +04:00)
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) jurnalistlər arasında vərəsəlik hüququ ilə bağlı elan etdiyi müsabiqənin nəticələri elan olunub.
Trend-in əməkdaşı Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin müsabiqəsinin qalibi olub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) jurnalistlər arasında vərəsəlik hüququ ilə bağlı elan etdiyi müsabiqənin nəticələri elan olunub.

"Hüququn KİV-də yayılması" proqramı çərçivəsində "Vərəsəlik hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi" mövzusunda keçirilən müsabiqəyə vərəsəlik hüququ, vərəsəliklə bağlı qanunvericilik və onun tətbiqi praktikasının (o cümlədən məhkəmə təcrübəsinin) problemləri, onları doğuran səbəblər və həlli yolları barədə yazılmış və tanınan internet-resursda yerləşdirilmiş, yaxud mətbuatda dərc olunmuş araşdırma xarakterli məqalələr qəbul edilimişdir.

Fevralın 1-dən aprelin 1-dək olan dövrü əhatə etmiş müsabiqəyə 18 yazı təqdim olunub. Bunlardan 10-u mətbuatda, qalanı isə internetdə işıq üzü görmüş məqalədir. Təqdim olunmuş məqalələri münsiflər heyəti müəyyən edilmiş meyarlar üzrə qiymətləndirmişdir.

Ümumi nəticələrə görə, Trend-in əməkdaşı Könül Zərbalıyeva "Mirasdan məcburi pay almaq hüququndan məhrumetmə: qanunvericilik və praktikanın problemləri" adlı yazı ilə birinci yerə layiq görülüb.

İkinci yerə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadə, 3-cü yerə isə "Mərkəz" qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva layiq görülüb.

I yerin qalibi 500 AZN, II yerin qalibi 400 AZN, III yerin qalibi isə 300 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılıb.

Bu, GTZ-nin jurnalistlər arasında keçirdiyi sayca 11-ci müsabiqədir. Bundanəvvəlki müsabiqələr "Ədalətli məhkəmə araşdırması hüququ", "Fərdin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ", "Fərdin ictimai məlumatları əldə etmək hüququ", "Azərbaycanda inzibati hüquq islahatı", "Mülkiyyət hüququ: Azərbaycan qanunvericiliyi və onun tətbiqi təcrübəsi", "Məhkəmə qərarlarının icrası", "Ədalət mühakiməsinə çatım", "Sosial hüquqlar: Azərbaycan qanunvericiliyi və təcrübəsi", "İnformasiya azadlığı: Azərbaycan qanunvericiliyi və təcrübəsi" və "Ailə hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi" mövzularında olub.

Münsiflər heyəti hüquq və jurnalistika sahəsində geniş təcrübəyə malik üç ekspertdən - Konstitusiya Məhkəməsinin şöbə müdiri Anar Cəfərov, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əsgər və Vəkillər Kollegiyasının üzvü, GTZ-nin daimi eksperti Elçin Usubdan ibarət olub. Münsiflər qiymətləndirməni ayrı-ayrılıqda aparıblar. Qiymətləndirmə zamanı anonimlik təmin olunub.

Xəbər lenti

Xəbər lenti