...

Tovuzlu el şairi İsmayıl Sadıqlının "Qan dayananda" adlı kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 26 May 2010 17:30 (UTC +04:00)
Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub şairin yaradıcılığından danışıb.
Tovuzlu el şairi İsmayıl Sadıqlının "Qan dayananda" adlı kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/

Tovuzlu el şairi İsmayıl Sadıqlının "Qan dayananda" adlı kitabının təqdimatı və şairin anadan olmasının 112-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub şairin yaradıcılığından danışıb.

Millət vəkili Qənirə Paşayeva çıxışında Azərbaycanın müstəqillik qazanandan sonra sözə, sənətə, ədəbiyyata yüksək qiymət verildiyini, sənət adamlarına lazımi şərait yaradıldığını deyib.

Millət vəkili bildirib ki, el şairlərinin yaradıcılığını tanıtmaq üçün lazımi işlər görülməlidir.

"El şairlərinin şeirləri, yaradıcılığı gənclərə, gələcək nəsillərə tanıdılmalıdır. Keçmişindən, ədəbiyyatından, folklorundan uzaq düşmüş millət, xalq qabağa gedə bilməz", - Paşayeva bildirib.

Millət vəkili İsmayıl Sadıqlının yaradıcılığını toplayan, qoruyub-saxlayan ailə üzvlərinə minnətdarlıq edərək bildirib ki, şairin yaradıcılığı, şeirləri onun xalqına və millətinə məxsusdur.

Sadıqlının ailə üzvlərinin bu işini də, Paşayeva xalqa, millətə xidmət kimi dəyərləndirib.

"İsmayıl Sadıqlı xoşbəxt şairdir. Onun ömründən illər keçsə də, onun sözünün işığına, gücünə toplaşanlar var. El şairi adı şairə verilən ən yüksək qiymətdir. Şairin böyüklüyü onun paytaxta yaşayıb-yaratması ilə deyil, sözünün gücü, qüdrəti ilə ölçülür", - Paşayeva deyib.

"Qan dayananda" kitabında el arasında "Təcnis İsmayıl" kimi tanınan İsmayıl Sadıqlının əksər şerləri toplanıb. Həm sayca çox yazan, həm də işlənilməyən cinas qafiyələrdən istifadə etmiş Sadıqlı Azərbaycan dilinin zənginliyindən bəhrələnib.

Şairin təcnislərindən ibarət kitabı 3 il öncə ərəb əlifbası ilə Təbrizdə çap olunub.

Tədbirdə çıxış edənlər şairin şərəfli ömür yolu yaşadığını və bu yaşam içərisində ölməzlik zirvəsini fəth etdiyini vurğulayıblar.

Tədbirdə şairin təcnisləri əsasında xanəndələr muğamlar, aşıqlar isə mahnılar ifa edib.

Xəbər lenti

Xəbər lenti