...

Azərbaycanda gələn ildən tələbə biletləri dəyişdiriləcək

Cəmiyyət Materials 29 Sentyabr 2011 16:59 (UTC +04:00)
Azərbaycanda gələn ildən tələbə biletləri dəyişdiriləcək. Bunu Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri İndira Hacıyeva bildirib.
Azərbaycanda gələn ildən tələbə biletləri dəyişdiriləcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda gələn ildən tələbə biletlərinin dəyişdirilməsi nəzərdə tutulub. Bunu Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri İndira Hacıyeva bildirib.

Onun sözlərinə görə, artıq EURO 26 beynəlxalq tələbə kartlarının tətbiq olunması üzrə işlərə başlanılıb.

"Azərbaycanın hər ali təhsil müəssisəsinin bir formada tələbə bileti var. Lakin yeni biletlər vahid standartda, ştrix kod ilə təchiz olunacaq və həm də tələbə kartı funksiyasını daşıyacaq", - Hacıyeva deyib.

Onun sözlərinə görə, bu, həm də tələbə biletlərini saxtalaşdırmaqdan qoruyacaq və təhlükəsizliyinin artırılmasına gətirib çıxaracaq.

Hacıyeva qeyd edib ki, bütün kurslarda oxuyan tələbələrin kartları dəyişdiriləcək.

"Eyni zamanda, yeni tələbə biletləri güzəştli kart kimi istifadə olunacaq. Bu kartlar Avropanın güzəştli kartları sisteminə daxil olaraq, azərbaycanlı tələbələrə Avropada iaşə obyektlərində güzəştlərdən istifadə imkanları yaradacaq", - sektor müdiri deyib.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında təhsil alan gənclərə sosial dəstəyin artırılması, yataqxana sisteminin təkmilləşdirilməsi ayrıca bənd kimi göstərilib. Proqrama uyğun olaraq, Gənclər və İdman, Təhsil nazirliklərinə "Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəşt kartları sisteminə qoşulmasına şərait yaradılması tapşırılıb.

Kartların hazırlanmasına və tətbiq olunmasına nəzarəti Dövlət Proqramının həyata keçirilməsi üçün yaradılan İdarəetmə Şurası həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti